EventsMədəniyyətSərgiSəyahətTəqdimat

Tbilisidə ilk dəfə Azərbaycan qadın dəbinə həsr olunmuş incəsənət layihəsinin açılışı olub

Aprelin 20-də Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və İnisiativ Kuratorlar Birliyinin (ICU) təşkilatçılığı ilə “Zaman içində defilə: Azərbaycanda qadın dəbi meyarları” adlı sərgi açılıb.

Frame.az xəbər verir ki, sərginin açılışında çıxış edən Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, muzeyin direktoru Leyla Əliyeva Tbilisidə Azərbaycan qadın dəbinə həsr olunmuş sərginin ilk dəfədir təşkil olunduğunu bildirərək qeyd edib ki, məqsəd Azərbaycanın əsrarəngiz qadın geyimlərinin qədimliyi ilə müasirliyi arasında əlaqəni tamaşaçılara çatdırmaqdır.

Aprelin 26-dək davam edəcək sərginin tamaşaçıları burada, həmçinin Azərbaycanın mədəniyyət və incəsənət inciləri ilə tanış olacaqlar.

Sərgi layihəsinin rəhbəri və kuratoru olan Könül Rəfiyevaya məxsus bu konsepsiyanın əsas məqsədi Azərbaycan qadın geyimlərini ölkə xaricində tanıtmaq və ölkəmizdə qadın dəbinin zaman içindən keçərək inkişaf edib müasir kontekstdə öz əksini tapma prosesini tarixi milli geyimlərin ən maraqlı parçalarını müasir vasitələrlə günümüzdə nümayiş etdirməyə yönəlmişdir. K.Rəfiyevanın bildirdiyinə görə,

bu xarakterli sərgilərin davamlı olacağı planlaşdırılır.

Muzey Fondu rəhbəri Leyla Əliyeva da, öz növbəsində sərgi çərçivəsində dizayner Natəvan Əliyevanın “Neo Classic Love” kolleksiyası nümayiş etdirilməsi, eləcə də, fotoqraf Rüstəm Hüseynovun 25 foto portretindən ibarət sərginin gürcü ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmasından məmnuniyyətini bildirərək, layihənin ilk Tbilisidə keçirilməsinin əsas məqsədinin Azərbaycan mədəniyyəti və mirasının təbliğindən qaynaqlandığını qeyd edib.

Azərbaycan qadınının ənənəvi simasını əks etdirən fotoşəkillər ilə həmahəng olan geyim kolleksiyası formasına və tikiş tərzinə görə, XIX əsrə aid milli geyim rənglərini əks etdirir. Əl əməyinin məhsulu olan və özünəməxsusluğu ilə seçilən aksesuarlarda milli bədii motivlər üstünlük təşkil edir. Bu kolleksiya Azərbaycan qadın geyiminin tarixi keçmişi ilə müasir moda tendensiyalarını birləşdirir.

Sonra sərgi iştirakçıları R. Hüseynovun qədim qadın geyimlərindən ibarət fotolarına baxıblar.

Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azertac Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!