Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi “Avropada təhsil” sərgisi təşkil edib
Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəliyi “Avropada təhsil” sərgisi təşkil edib.
Sərginin açılış mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko çıxış edib. “Avropa İttifaqının dünya səviyyəsində tədris qurumları və tədqiqat proqramlarının çox olduğu ali təhsil sahəsi ilə yaxından tanış olmağınızı arzu edirik”,- deyə səfir Peter Mixalko bildirib. O qeyd edib ki, Avropa İttifaqında mühəndislik, elm, konstruksiya quruluşu və informasiya texnologiyaları sahələrində yüksək rəqabətqabiliyyətli texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir: “Azərbaycandan olan tələbələri bu imkanları mənimsəməyə dəvət edirik”.
“Avropada təhsil” sərgisi “Avropa Bacarıqlar İli” çərçivəsində keçirilən silsilə tədbirlərdən biridir. Avropa İttifaqı yüksəkmaaşlı və yüksəkixtisaslı işlər naminə müvafiq bacarıqlara yiyələnmək istiqamətində insanlara kömək etmək, həmçinin bacarıqlar sahəsində çatışmazlıqların aradan qaldırılmasında şirkətlərə dəstək olmaq məqsədilə 2023-cü ili “Avropa Bacarıqlar İli” elan edib. Ekoloji tarazlığı təmin edən, innovativ texnologiyalar dövründə dayanıqlı inkişafa töhfə verən və bacarıqlara olan tələbatları ödəyən işçi qüvvəsinə malik olmaq mühüm məsələdir.
Tədbirdə təhsil proqramlarına dair təqdimatlar edilib. Eyni zamanda, Erasmus proqramı tələbə təqaüdlərinə həsr edilmiş məlumat sessiyası keçirilib, tələbə-məsləhətləşmə guşəsi təşkil olunub. Burada Almaniya, Avstriya, Belçika, Çexiya, Estoniya, Finlandiya, Fransa, İsveç, Macarıstan və Polşa kimi ölkələr təmsil olunurlar.
Təhsil sərgisi bu gün və sabah (saat 11:00-17:00) açıq olacaq.