EventsMədəniyyətSərgiTəqdimat

“Allı-güllü Novruzum” – “Nur Art House”da növbəti sərgi belə adlanır

Dərələrdən yel kimi, təpələrdən sel kimi keçib gedən, odun hənirtisi ilə torpağa canlanma gətirən, UNESCO tərəfindən beynəlxalq status alan Novruz bayramı yavaş-yavaş ölkəmizə gəlməkdədir.

Bu münasibətlə “Nur Art House” sənət qalereyasında martın 5-də “Allı-güllü Novruzum” adlı sərgi açılacaq. Qalereyadan Frame.az-a bildirilib ki, sərgidə Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin tələbələrinin hazırladığı sözügedən mövzuya aid bir-birindən maraqlı sənət əsərləri sərgilənəcək.

Sərgi çərçivəsində milli adət-ənənələrimizin təbliği, insanlarda milli-mədəni dəyərlərə hörmətlə yanaşmağın vacibliyini tərənnüm etməklə yanaşı, bayramın atributlarının nümayişi də nəzərdə tutulur. “Azərbaycan xalçaçıları” İctimai Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvləri Eldar Hacıyevin, Bədirə Əliyevanın, Rauf Əbdülhüseynoğlunun, Mehriban Xəlilzadənin, Adil Məmmədovun, Zahidə Haşımovanın, mərhum Arzu Haşımovanın, Rusiya və Özbəkistan Rəssamlar ittifaqlarının üzvü Mehriban Əliyevanın, Elmira Qasımovanın, Sevinc Paşayevanın, Nailə Quliyevanın, Məhbubə Məmmədovanın bir-birindən gözəl, xalça, bədii tikmə, batika, keçə nümunələri, rəngkarlıq əsərləri məhz bu ideyanın tərənnümünə həsr edilib. Sərginin ekspozisiyasının və reklam materiallarının dizayn müəllifləri Mədəniyyət və İncəsənət Universitetinin dizaynerləri Şərqiyyə Əfəndizadə və Ləman Məmmədovadır.

Sərgi hər çərşənbə axşamı bir etnoqrafik bayrama çevrilərək, “Sənətkardan öyrənək” ənənəsinin davamı kimi, müxtəlif mövzularda ustad dərsləri ilə müşayiət olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!