“Qadın böyük qüvvədir” sosial layihəsi martın sonunadək davam edəcək
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi “Qadın böyük qüvvədir” sosial layihəsinə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Avropa İttifaqının, həmçinin Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri və ölkəmizin tanınmış qadınları iştirak ediblər.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko martın 1-də başlanılan və bir ay davam edəcək sosial layihə haqqında məlumat verib. “Qadınları güclü edən nədir və onlar öz güclərindən necə istifadə edirlər? Biz qadınların cəmiyyətə böyük təsir göstərdiyini görürük və Azərbaycan da istisna deyil”, – deyə Avropa İttifaqının ölkəmizdəki səfiri bildirib: “Avropa İttifaqı Beynəlxalq Qadınlar Gününü müxtəlif sahələrdə çalışan və bizim layihənin “siması”na çevrilən 27 ilhamverici Azərbaycan qadını ilə birgə qeyd etməkdən qürur duyur. Azərbaycanda qadınlara fayda verən bir sıra layihələri dəstəkləyir və bununla biz Avropa İttifaqı ilə Azərbaycan arasında güclü tərəfdaşlığa töhfə veririk”.
Onun dediyinə görə, sosial layihənin siması olan qadınlar təhsil, mədəniyyət, səhiyyə sahələrini əhatə edir, onların arasında biznes fəaliyyəti ilə məşğul olan, vətəndaş cəmiyyəti nümayəndələri və könüllülər də var. Səfir layihədə iştirak edən və onun siması olan xanımlara təşəkkür edib və onlara uğurlara arzulayıb.
”Qadın özünün gücünü hiss edəndə və yaşadığı cəmiyyət onun gücünə inananda daha güclü və möhtəşəm olur”, – deyə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova layihəyə xeyir-dua verib və onun uğurla aparılması üçün hər cür dəstək verməyə hazır olduğunu bildirib. O, Avropa İttifaqının həyata keçirdiyi siyasət və proqramların vasitəsilə cəmiyyətin bütün sahələrində qadınların tam iştirak etməsinə, həmçinin qadınlar üçün təhsil və məşğulluq imkanlarının artırılmasına şərait yaratmaq məqsədinə xidmət etdiyini diqqətə çatdırıb. Komitə sədri Azərbaycan qadınlarının gücünü, potensialını nümayiş etdirən layihəyə xeyir-dua verib.
Sosial layihə elementlərinin təqdimatı və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrin benefisiarları, eləcə də sosial layihədə iştirak edən qadınların çıxışlarından ibarət tədbirdə videoçarxlar nümayiş olunub, layihə iştirakçılarına və könüllülərə sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkilib.