Beynəlxalq Muğam Mərkəzində “Söz” ədəbi-bədii layihəsinə start verilib
Dekabrın 5-də Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” televiziya kanalı birgə həyata keçirdiyi “Söz” ədəbi-bədii layihəsinin ilk tədbiri dahi şair Molla Pənah Vaqifin poeziyasına həsr olunmuşdu.
Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Şairin klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir.
Dərin və incə duyğular şairi olan Vaqifin şəninə hazırlanan gecə öz tərtibatı və təqdimatı ilə fərqlənirdi. Qonaqları musiqi və şerin sehri ilə Muğam Mərkəzinin foyesində salamlayan Vaqif (aktyor Tural Əhməd) onları öz dünyasına dəvət edir. Beləcə tamaşaçılar şairin izi ilə onun öz şeriyyatı və düşüncələrinin arxasınca yollanırlar. Tam fərqli formatda hazırlanan bu tədbir elə ilk dəqiqələrdən böyük bir şeir və musiqi zövqü vəd edir. Beləliklə söz və musiqinin vəhdətində Vaqif yaradıcılığının ən gözəl nümunələri təqdim edilir. Aktyor Tural Əhmədin Vaqif obrazında şairin “Yenə dağ başında” şeirini oxuduqdan sonra səhnəyə Muğam Müsabiqəsinin qalibi Almaxanım Əhmədli çıxır. O, şairin “Gəlməmişəm” qəzəlini ifa edir.
Gecədə Əməkdar artistlər Elxan Rza, Hüsniyyə Mürvətova, aktyorlar Kamal Yaşar, Ləman Mеhri şairin yaradıcılığından gözəl nümunələr səsləndirdilər. Gənc xanəndələr Pərviz Qasımov, Elgiz Əliyev, Könül Məmmədli, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xor kapellası bulaq kimi axan Vaqif misralarının musiqi ilə həmahəng harmoniyasından yaranan xoş duyğuları bölüşdülər. “Söz” ədəbi layihəsinin bu dəfəki buraxılışı gecəyə təşrif buyuranlara muğam, musiqi və Vaqif yaradıcılığını mistik bir atmosferdə təqdim etdi.
Gecənin sonunda layihənin rəhbəri Nigar Həsənzadə səhnəyə çıxaraq tədbirin təşkilatçılarına, iştirakçılarına və tamaşaçılara öz təşəkkürünü bildirdi.
Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində milli mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam etməkdədir .
Noyabrın 7- də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin və Azərbaycan Dövlət Mədəniyyər və İncəsənət Universiyetinin birgə “Yeni nəsil dəvət edir” adlı layihəsi çərçivəsində “Sarı simin lisanı”adlı konsert keçiriləcək.
Frame.az