STP yeni texnologiyanın istehsalına başlayır
“Sumqayıt Texnologiyalar Parkı” MMC (STP) Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Pivot Suvarma sistemi texnologiyasının istehsalına başlayıb.
MMC-dən Frame.az-a verilən məlumata görə, son illər ölkədə kənd təsərrüfatının inkişafı, meliorasiya sahəsi ilə bağlı dövlət əhəmiyyətli yeni layihələr həyata keçirilir. Onlardan biri də pivot suvarma sistemlərinin ölkəmizdə istehsal edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev də rəsmi çıxışlarında pivot suvarma sistemlərinin Azərbaycanda istehsalının vacib olduğunu diqqətə çatırır.
Daxili bazarın təlabatını ödəməklə yanaşı, dünyada “Made in Azerbaijan” brendini təmsil edən sənaye mərkəzi “Sumqayıt Texnologiyalar Parkı” MMC bu sahə ilə bağlı da ilkə imza atıb. Belə ki, kənd təsərrüfatı sektoruna müxtəlif növ həllər təklif edən STP ölkəmizdə ilk dəfə olaraq Mərkəzi Pivot Suvarma sistemi texnologiyasının istehsalına başlayıb.
Qeyd edək ki, STP-nin istehsal etdiyi suvarma sistemləri məhsuldarlığın yüksəldilməsinə böyük fayda verəcək. Həmçinin texnologiya sürətli istifadəni təmin edən idarə panellərinə də sahibdir. Bunun vasitəsilə kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən şəxslər və qurumlar suvarma prosesini vaxta qənaət edərək daha sürətli həyata keçirə bilir.
Məlum olduğu kimi, pivot tamamilə sinklənmiş polad borulardan və müxtəlif sistemlərdən ibarətdir. Texnologiyanın bütün hissələri STP-nin istehsalı olaraq müsəssisədə yığılır.
Sumqayıt Texnologiyalar Parkı texnologiyanın istehsalında ABŞ-ın bu sahədə ixtisaslaşmış ən böyük şirkətlərinin təcrübəsindən istifadə edir. Texnologiyanın hazırlanmasında istifadə edilən bir çox detallar STP-nin öz istehsalı olduğundan qarşılıqlı əməkdaşlıq yüksək fayda verir.
Pivot sistemləri dünyanın ən müasir və səmərəli suvarma sistemləridir. Bu sistemlə suvarma nəticəsində suya qənaət edilir, itkiyə yol verilmir. Torpaqların şoranlaşmasının qarşısı alınır. Bitkilər vegetasiya dövründə optimal nəmliklə təmin edilir ki, bu da məhsuldarlığı bir neçə dəfə artırır.
Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabrın 22-də istismara verilib. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb. Regionda nadir layihə olan STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.