IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Sumqayıt-Yalama dəmir yolunun daha bir hissəsi yenidən qurulub

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsi olan Sumqayıt-Yalama dəmir yolunun daha bir sahəsi yenidənqurmadan sonra istifadəyə verilib. 2022-ci ilin fevral ayında Sumqayıt-Sitalçay istiqamətində yolun yenidən qurulan hissəsində qatarların hərəkətinə başlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Frame.az-a bildirilib ki, ikixətli Sumqayıt-Yalama dəmir yolunda yenidənqurma işləri daşımalarla bərabər mürəkkəb texniki uzlaşdırma şəraitində aparılır. Yolun bir xətti yenidən qurularkən digərində qatarlar hərəkət edir. 31,4 kilometrlik Sumqayıt-Sitalçay sahəsində yeni inşa edilən xəttin istifadəyə verilməsindən sonra ikinci xəttin də yenidən qurulmasına başlanıb.

Bu sahə Sumqayıt-Yalama dəmir yolunun istifadəyə verilən sayca ikinci hissəsidir. Ötən ilin dekabrında Şabran-Çarxı istiqamətində layihə çərçivəsində ilk 23 kilometr dəmir yolu xətti yenidən qurularaq istifadəyə verilib.

Sumqayıt-Yalama dəmir yolu Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində yenidən qurulur. Abşeron yarımadasını respublikanın Şimal sərhədi ilə birləşdirən yolun ox üzrə uzunluğu 167,7 kilometr, açılmış uzunluğu 362,8 kilometr, o cümlədən əsas yolların uzunluğu 328,3 kilometr, yan yolların uzunluğu 27 kilometr, ümumi sayı 162 olmaqla yoldəyişənlərin uzunluğu 7,5 kilometr təşkil edir.

Bu günədək yolun 65 kilometrlik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb, onun 54,4 kilometri ilkin hərəkətə açılıb. Ümumilikdə isə yenidənqurma işlərinin 25,62 faizi artıq tamamlanıb. Belə ki, 107 kilometrlik hissədə mövcud relslərin söküntüsü, 99 kilometrlik hissədə torpaq yatağının tikilməsi və mühafizəsi, 80 kilometrlik hissədə kommunikasiyaların köçürülməsi, 98 kilometrlik hissədə alt-ballast və ballast materialının qazıntısı və 95 kilometrlik hissədə alt-ballast materialının sərilməsi, 70,8 kilometrlik hissədə birinci lay ballastın sərilməsi və 65 kilometrlik hissədə ikinci lay ballastın sərilməsi işləri tamamlanıb. Həmçinin 46 körpü, 81 dairəvi suötürücü boru və 7 ədəd heyvan keçidi inşa edilib.

Hazırda texnoloji ardıcıllığa uyğun olaraq tikinti-quraşdırma işləri davam etdirilir. Yolboyu 13 ədəd yerüstü piyada keçidinin və 32 ədəd eyni səviyyəli dəmiryol keçidinin tikintisi planlaşdırılır. Əsas yaşayış mərkəzlərində yerləşən stansiyalarda inşa ediləcək bəzi yerüstü piyada keçidləri fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan liftlərlə təchiz olunacaq.

Sumqayıt-Yalama dəmir yolunun yenidən qurulması layihəsi “Dəmir yolları sektorunun inkişafı proqramı” çərçivəsində Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankı, həmçinin Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyi arasında imzalanan müqavilələrə uyğun olaraq birgə maliyyələşdirmə əsasında həyata keçirilir. Yenidənqurma işlərinə 2020-ci il fevralın 18-də start verilib.

Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulması yükdaşıma və sərnişindaşıma fəaliyyətlərində vaxta qənaət, nəqliyyat vasitələrinin və infrastrukturun istismarı xərclərində qənaət, ətraf mühitə təsirin azaldılması, təhlükəsizliyin artırılması kimi faydalar gətirəcək. Yolda keyfiyyətli və sürətli yük daşımalarının həyata keçirilməsi, bu əməliyyatların etibarlı və təhlükəsiz şəkildə icra edilməsi Azərbaycanın nəqliyyat-tranzit potensialından daha geniş və səmərəli istifadə edilməsi üçün şərait yaradacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!