EventsSərgiTəqdimat

“Suraxanı” gəmi-muzeyi bu gündən qapılarını ziyarətçilər üçün açıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyinin qapıları mayın 10-dan ictimaiyyət üçün açıq elan olunur.

ASCO-dan bildirilib ki, Dənizkənarı Milli Parkda yerləşən dünyanın ilk tanker muzeyi həftənin 5 günü saat 10:00-dan 19:00-dək ziyarətçilərin xidmətində olacaq.

Giriş biletlərinin qiyməti fərdi ziyarətçilər üçün 5 AZN, qruplar (seanslar) üzrə ziyarətçilər üçün 3 AZN müəyyənləşdirilib. Korporativ ziyarətçilər, tələbə və məktəblilər, ASCO-nun əməkdaşları və dənizçiləri, eləcə də onların ailə üzvləri (müvafiq sənəd təqdim edilməklə) 2 AZN ödəməklə muzeylə tanış ola biləcəklər.

Bununla belə, Azərbaycanın Milli qəhrəmanları, Şəhid ailələri, Sovet İttifaqı qəhrəmanları, İkinci Dünya müharibəsi, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçıları, 20 Yanvar və Çernobıl hadisələri əlilləri, 1-ci və 2-ci qrup əlillər və onları müşayiət edən 1 nəfər şəxs, veteran dənizçilər, 5-12 yaşarası uşaqlar (12 yaş daxil olmaqla) “Suraxanı” gəmi-muzeyinə ödənişsiz və növbəsiz giriş hüququna malikdirlər.

Körpələrə və 5 yaşadək uşaqlara, hamilə qadınlara, qapalı və qaranlıq məkanlarda panikadan əziyyət çəkən şəxslərə (klaustrofobiya və sair) gəmi-muzeyə giriş tövsiyə olunmur.

Ümumilikdə 10 ekspozisiya zalından ibarət muzeydə ziyarətçilər Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar.

Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və günü-gündən artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandıracaq. “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayacaq. Eyni zamanda, bu muzey tarixi və müasirliyi özündə sintez edən paytaxt Bakımızın yeni simvollarından birinə çevriləcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!