“Şuşa İli” çərçivəsində Parisdə “Qəlbim Qarabağdır” adlı tədbir təşkil olunub
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Azərbaycanın Dostları Assosiasiyasının (ADA) və “Art Council Azerbaijan”ın təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Parisdə azərbaycanlı uşaqların əl işlərindən ibarət “Qəlbim Qarabağdır” adlı rəsm sərgisi və beynəlxalq müsabiqələr laureatı, azərbaycanlı pianoçu Səidə Tağızadənin ifasında konsert keçirilib.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tədbirdə çıxış edərək müharibənin keçmişdə qaldığını deyib. Tədbirdə səslənən musiqimizin, uşaqların sərgilənən əl işlərinin sülhə çağırış, eyni zamanda, bu gün ən vacib məsələnin iki xalq arasında sülhün bərpası olduğunu diqqətə çatdırıb. Bildirib ki, sülhün bərpasında Fransanın da iştirakı əhəmiyyətlidir.
ADA-nın prezidenti, Fransa parlamentinin fəxri üzvü Jerom Lamber bu ölkədə fəaliyyət göstərən ermənipərəst ekstremist qrupların fəaliyyətinə toxunaraq, Azərbaycanın Parisdəki səfirliyinə hücumu bir daha pisləyib, belə əməllərin sülhə aparan yolda maneə olduğunu vurğulayıb.
Fransanın Azərbaycanda ilk səfiri Jan Perən ölkəmizin parlaq gələcəyinə hər zaman inandığını bildirərək, regionda sülhün və əmin-amanlığın yaranacağına əminliyini vurğulayıb.
Sonra tədbir iştirakçılarına “Qəlbim Qarabağdadır” adlı sərgi çərçivəsində layihənin rəhbəri Sona Quliyeva tərəfindən 8-15 yaşlı uşaqların Şuşa şəhəri və Qarabağla bağlı 19 rəsm əsəri təqdim edilib.
Azyaşlı rəssamların əl işlərində Qarabağın füsunkar təbiəti, mədəni irsi, abidələri təsvir edilib.
Qeyd edək ki, “Qəlbim Qarabağdır” adlı rəsm sərgisi bundan əvvəl Almaniya, Avstriya, Belçika və Macarıstanda da nümayiş olunub.
Konsert proqramında beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə Azərbaycanın klassik bəstəkarları Qara Qarayev və Fikrət Əmirovun əsərlərini, həmçinin Ramin Quliyevin Azərbaycan uğrunda həlak olan əsgərlərin xatirəsinə bəstələdiyi balladanı, Pikə Axundovanın “Salam Şuşa”, Sevda Məmmədlinin Laçından ballada kimi musiqi əsərlərini ifa edib.