EventsQalereyaŞəkillərSərgiTəqdimat

“Təbiət, qadın və gözəllik” mövzusunu əsas konsepsiya seçən rəssamların sərgisi maraqla qarşılanıb

Aprelin 16-da “Port Baku Mall” rəsm qalereyasında 18 xanım rəssamın əsərlərindən ibarət sərgi açılıb.

Frame.az xəbər verir ki, qadınların yüksək mənəvi missiyasını çox gözəl şəkildə əks etdirən “Təbiət, qadın və gözəllik” mövzusunu əsas konsepsiya seçən rəssamlar öz işlərində müxtəlif üslub və texnikadan istifadə ediblər.

Sərginin açılış mərasimində çıxış edən argentinalı rəssam Marta de Quesada nümayiş olunan əsərlər haqqında fikirlərini bölüşüb.

Tədbirin təşkilatçılarından biri və rəssam Turan Muxtarzadənin sözlərinə görə, sərgidə Azərbaycanla yanaşı Türkiyə, Argentina, Xorvatiya rəssamları da iştirak edirlər: “Aprelin 19-dək davam edəcək sərgidə ümumilikdə 60 əsər təqdim olunur. Bu əsərlər həm də satış məqsədilə nümayiş olunur. Sənətsevərləri ekspozisiyadan zövq almağa, eyni zamanda, bəyəndikləri əsəri evlərində görməyə dəvət edirik. Sərgi istedadlı fırça ustalarının şəhərimizin mədəni palitrasına özünəməxsus töhfəsi olacaq”.

Təşkilatçı Ellada İsmayılova isə çıxışında sərginin maraqla qarşılanacağına ümidvar olduğunu deyib. Bildirib ki, rəssamlar kətan üzərində müxtəlif yaş kateqoriyası və ruhi hala malik qadınları təsvir etsələr də, ümumi təmas və vəhdət nöqtələrini tapa biliblər.

Sərgidə gənc xanım rəssamlar – Turan Muxtarzadə, Ellada İsmayılova, Lalə Şükürova, Kəmalə Əliyeva, Səadət İsayeva, Marta de Quesada, Jasmin Frakassetti, Jalə Həsənova, Kübra Vəliyeva, Nərmin Sadıqova, Samirə Ağayeva, Ayla Ağayeva, Məryəm Şirin, Gülnar Əliyeva, Pakizə Kılınc, Aidə Ağayeva, Aişə Qurbanova və Fidan Zeynalovanın əsərləri yer alıb.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərginin iştirakçısı Lalə Şükürova öz fikirlərini bölüşüb. “Bu, mənim sərgidə ilk iştirakımdır və burada iki əsərim nümayiş olunur. Arzum budur ki, bir çox sərgilərdə əsərlərimlə iştirak edim. Yaradıcılığımda daha çox qadın mövzusu əsas yer tutur və çalışıram ki, əsərlərimdə qadın incəliyini, zərifliyini göstərə bilim. Əsərlərimdə bütün rəng çalarlarından istifadə edirəm”.

Qeyd edək ki, sərgi “Art Gallery Turan”ın, Ellada İsmayılovanın təşkilatçılığı və “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyətinin, Beynəlxalq Qadınlar Klubu (IWC) xeyriyyə təşkilatının dəstəyi ilə reallaşıb.

Sərgiyə Frame.az, “Azeri Observer” və “The M.O.S.T” informasiya dəstəyi verir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!