EventsTeatrTəqdimat

Təbrizli aktyor Musiqili Teatrın “999-cu gecə”sində

21 və 22 oktyabr tarixlərində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası nümayiş olunacaq.

Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, səhnə əsərinin budəfəki nümayişlərinin xüsusi özəlliyi Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadla bağlıdır. Beləki, Camal Saqinejad növbəti dəfə məhz bu tamaşada Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsinə çıxacaq.

O, tamaşada Şah obrazını canlandıracaq. Buna qədər isə C. Saqinejad Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasında tamaşaçıların qarşısına çıxıb. Novruz bayramı günlərində tamaşaçılara təqdim olunan həmin səhnə əsəri yerli izləyicilərlə yanaşı, İran İslam Respublikasından gələn turistlər tərəfindən də böyük çoşqu və alqışlarla qarşılanıb.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır. Səhnə əsərində rolları Camal Saqinejadla yanaşı, teatrın gənc və istedadlı aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa edəcəklər.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!