EventsIqtisadiyyatTəqdimat

ASAN könüllüləri və “Coca-Cola” tərəfindən “İnkişaf üçün 5 il birlikdə” adlı tədbir keçirilib

“ASAN Könüllüləri” Təşkilatının və “Coca-Cola” əməkdaşlığının 5 illik yubileyi qeyd olunub. “İnkişaf üçün 5 il birlikdə” adı ilə baş tutan tədbirdə əməkdaşlıq çərçivəsində icra olunan layihələr haqqında ətraflı məlumat verilib və bu layihələrdən bəhs edən rəsm sərgisi təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, dövlət qurumu nümayəndələri, şirkət təmsilçiləri və könüllülər iştirak ediblər.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev “ASAN Könüllüləri” Təşkilatı ilə əməkdaşlıqdan danışıb: “Bu gün biz “Coca-Cola” şirkəti ilə ASAN Könüllüləri” Təşkilatının əməkdaşlığının 5 illik yubileyini qeyd edirik. Burada birlikdə həyata keçirdiyimiz müxtəlif layihələrin nümayişi həyata keçirildi. “ASAN Könüllüləri” Təşkilatı ilə birgə Azərbaycanda istər ekoloji sahədə, istər humanitar sahədə, həmçinin sosial-inkişaf sahəsində bir sıra layihələr həyata keçirilib. “Coca-Cola” sosial məsuliyyətli şirkət olaraq cəmiyyətin inkişafına böyük önəm veri və bunun üçün həm vəsait ayırır, həm də layihələrə dəstək olur. Bu dəstəyi də dəyərli əməkdaşları və tərəfdaşları vasitəsilə həyata keçirir”.

“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” 2016-ci ildən etibarən aktiv şəkildə ekoloji, sosial və humanitar  layihələr üzrə geniş əməkdaşlıq edib. Bu əməkdaşlıq çərçivəsində hər il sentyabr ayının ikinci şənbə günündə ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərinin təbliğ edilməsi məqsədi ilə Beynəlxaq Sahilyanı Təmizlik gününə həsr olunan “Xəzəri qoruyaq” aksiyaları keçirilir. Eyni zamanda qablaşdırma tullantılarının çeşidlənməsi və toplanaraq təkrar emala göndərilməsinin təşviqi məqsədi ilə icra olunan “Təmiz Sumqayıt” pilot layihəsi də tərəfdaşların ekoloji faəliyyət üzrə əməkdaşlıq istiqamətinə daxildir.

Bundan əlavə ASAN könüllülərinin təşəbbüsü  və “Coca-Cola” Fondunun dəstəyi ilə Azərbaycanda qadınlarının məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərmək məqsədi  ilə “AIM-W” layihəsi həyata keçirilib. Bu layihə 2019-2021 ci ildə turizm potensialı yüksək olan Gəncə, Mingəçevir, Quba, Sumqayıt, Şəki və Şamaxı kimi 6 iqtisadi zonanı əhatə edib. Ümumilikdə baş tutan 40-dan çox təlimdə 2000-dən çox qadın iştirak edib. Qeyd edək ki, “Coca-Cola” Azərbaycan qadınlarının iqtisadi imkanlarının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi sahəsində həyata keçirdiyi işlərə görə ABŞ Dövlət Katibinin 2020-ci il üçün Korporativ Mükəmməllik Mükafatına layiq görülüb.

Xüsusi vurğulamaq lazımdır ki, COVID-19 pandemiyası ilə mübarizəyə dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondu tərəfindən “Birlikdəyik” layihəsi həyata keçirilib. Bu layihə çərçivəsində karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatlar təqdim olunub və 4000 aztəminatlı ailə ərzaq və şəxsi gigiyena ləvazimatları ilə təmin edilib. Bundan başqa layihədə COVID-19 virusunun yayılmasının qarşısını almağa kömək məqsədilə əhali arasında müxtəlif sosial şəbəkələr vasitəsilə maarifləndirmə işləri aparılıb. Əlavə olaraq pandemiyanın aztəminatlı ailələrə və kiçik sahibkarlara təsirini azaltmaq məqsədilə “Coca-Cola” və ASAN könüllülərinin həyata keçirdiyi “Bir sifariş – Bir sevinc” sosial kampaniyası vasitəsilə 7000 ailəyə ərzaq yardımları çatdırılıb.

“Coca-Cola” və “ASAN Könüllüləri” Təşkilatı mövcud layihələr üzrə əməkdaşlığı daha da genişləndirməyi və əhalinin ekoloji fəaliyyətlər üzrə maarifləndirməsi işini davam etdirməyi nəzərdə tutur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!