Xalq artisti Şövkət Əlekbərovaya həsr olunmuş gecə keçiriləcək.
Beynəlxalq Muğam Mərkəzi «Unudulmayanlar» adlı yeni iri-miqyaslı layihə təqdim edir. Layihənin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin – bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.
Mayın 14-də layihə çərçivəsində Xalq artisti, Azərbaycan musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsi Şövkət Ələkbərovanın yaradıcılığına həsr olunmuş tədbir keçiriləcəkdir.
Şövkət Ələkbərova 1922 – ci ildə Bakı şəhərində anadan olub. 14 yaşında ikən ailəsinin məsləhəti ilə kamançada ifa etmiş,16 yaşından isə müğənniliyə başlamışdır.
1937 – ci ildə Azərbaycan Respublikası Həmkarlar İttifaqının bədii özfəaliyyət kollektivlərinə baxış keçirilmiş, yekun konsert isə 1938 – ci ildə Akademik Opera və Balet Teatrının səhnəsində olmuşdur. “Qarabağ şikəstəsi” ni məharətlə oxuyan gənc Şövkət qaliblərdən biri seçilmişdir. Münsiflər heyətində dahi Üzeyir Hacıbəyli ,Bülbül və Səid Rüstəmov əyləşmişdi.Üzeyir bəyin diqqətini cəlb edən Şövkət Ələkbərova sonralar böyük bəstəkarın yanına dəvət edilmiş və beləliklə onun böyük səhnəyə gedən yolu başlamışdır.
Şövkət xanım ilk musiqi təhsilini musiqiçi, Üzeyir Hacıbəyovun dayısı Ağalar bəy Əliverdibəyovdan almışdır.Sonralar Asəf Zeynallı adına musiqi məktəbinə daxil olan Şövkət Ələkbərova muğam sənətinin sirlərini , görkəmli aktyor və xanəndə Hüseynqulu Sarabskidən almışdır.
1938 – 1945 – ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında ,1945 – ci ildən isə Azərbaycan Dövlət Flarmoniyasının solisti olan Şövkət Ələkbərova “Segah”, “Qatar”, “Şahnaz” muğamlarını lentə yazdırmışdır. Şövkət xanım xalq və bəstəkar mahnılarını da məharətlə ifa etmişdir. Əksər Azərbaycan bəstəkarlarının mahnıları ilk dəfə məhz onun ifasında səslənmişdir.
Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Şövkət xanım bir çox istedadlı tələbələr yetişdirmişdir.
Qeyd edək ki, layihənin açılışı 5 mart 2018-ci il tarixində baş tutdu və Azərbaycan mədəniyyət xadimi, dahi bəstəkar, SSRİ xalq artisti, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuşdur. Aprelin 6-da layihə çərçivəsində görkəmli xanəndə, Azərbaycanın xalq artisti Həqiqət Rzayevanın yaradıcılığına həsr olunmuş gecə keçirilib.
Frame.az