EventsMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefisi

Beynəlxalq Muğam Mərkəzinin “Nəsimi ili” çərçivəsində təqdim etdiyi növbəti layihə Xalq artisti Eyyub Yaqubovun  “Nəsimi işığında” adlı ədəbi-musiqili gecə idi. 13 may tarixində baş tutan tədbir Nəsimi yaradıcılığı və müasir düşüncə, Nəsimiyə fərqli baxış üzərində qurulmuşdu.  Ədəbi-musiqili gecədə Nəsiminin  şeirləri və Xalq artistinin repertuarında bu ruha yaxın olan mahnılar tamaşaçılara təqdim edildi. Belə ki, Nəsimi poeziyasının işığında Mikayıl Müşfiqin, Hüseyn Cavidin və digər klassik şairlərimizin sözlərinə bəstələnmiş musiqilər bir-birini əvəzlədi.  Eyyub Yaqubovun və aktyorların mahnılararası söylədiyi qəzəllər isə tamaşaçıları sanki əhli-hal etməklə öz düşüncələri ilə baş-başa buraxırdı.

Beynəlxalq Muğam Mərkəzin səhnəsində ilk dəfə çıxışı  ilə bağlı açıqlama verən müğənni bildirdi ki, Beynəlxalq Muğam Mərkəzində Nəsimi ilə bağlı layihə işləmək elə də asan deyil. Bu ədəbi –musiqili gecə şəxsi ideyam idi və məqamı bu günə təsadüf etdiyi üçün, layihənin reallaşmasından çox məmnunam. Bilirsiniz ki, Beynəlxalq Muğam Mərkəzi mötəbər konsert salonlarımızdan biridir və mənə doğma məkandır. Çünki,  muğam sənətinin ustadı sayılan, Xalq artisti Əlibaba Məmmədovun “Humayun” ansamblında uzun müddət çalışmışam. Muğamın ruhuna bələd olduğum üçün özümü Muğam Mərkəzin səhnəsində çox rahat hiss edirəm.

“Küllü-zaman içrə saat yarım” təəssüratı ilə tamamlanan konsert proqramında musiqiçilər irfan musiqisi, insan və zaman anlamında tamaşaçılara Nəsiminin qəzəllərində onun hürufi dərviş və haqq aşiqi obrazları ilə yanaşı, bir də arif şəxsiyyətinin cizgilərini daha qabarıq nəzərə çarpdırdılar. Bu konsert həm də bir daha Eyyub Yaqubov sənətini sevənlərə müğənninin fərqli yaradıcı və hərtərəfli potensialını  nümayiş etdirmiş oldu. Onun ədəbiyyat və sənət, musiqi və kainat, səs və zaman, düşüncə və duyğuları bu layihədə dolğun şəkildə özünü göstərmiş oldu.
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində növbəti dəfə Nəsimiyə sevgidən ərsəyə gələn layihədə şairin söz ümmanından damlalar səpildi, Azərbaycan musiqisinin möhtəşəmliyi nümayiş olundu. Bu söz ümmanının karvanına sarvan olanlar isə  Xalq artisti Eyyub Yaqubovla birlikdə rəngarəng musiqi repertuarı ilə hər zaman dinləyicilərin  zövqünü  oxşayan “Hicaz” ansamblı idi.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!