“Türk Hava Yolları” Birləşmiş Ərəb Əmirliyində üçüncü istiqaməti – Şarjanı uçuş əhatəsinə daxil etdi
Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti bu ilin aprel ayının 11-dən etibarən İstanbul-Şarja-İstanbul marşrutu üzrə yeni reys açıb. Bu, Birləşmiş Ərəb Əmirliklərinə təşkil edilən üçüncü uçuş istiqaməti, həmçinin, milli bayraq daşıyıcısının geniş uçuşlar şəbəkəsinə daxil olan 307-ci təyinat nöqtəsidir.
“İstanbul hava limanı ilə türk aviasiyası və turizmi üçün yeni bir dövr başladı. Yeni bazaya köçməyimiz uçuş şəbəkəmizin daha da genişlənməsinə imkan yaradacaq. “Türk Hava Yolları” olaraq Əbu-Dabi və Dubaydan sonra BƏƏ-də üçüncü təyinat nöqtəsi kimi Şarja şəhərinə uçuşlar təşkil etməkdən məmnumuq”- deyə “Türk Hava Yolları”nın marketinq direktoru Ahmet Olmuştur bildirib.
Qeyd edək ki, İstanbul-Şarja-İstanbul istiqamətində uçuşlar aprel ayının 11-dən etibarən həftəsonları da daxil hər gün yerinə yetirilir.
1998-ci ildə ərəb dünyasının mədəni paytaxtı elan edilmiş Şarja Birləşmiş Ərəb Əmirliklərinin ölçü və əhalisinə görə üçüncü əmirliyidir. Şəhər öz müasirliyi, eyni zamanda qədim və zəngin tarixi ilə səyahətsevərlərin diqqətini özünə cəlb etməyi bacarıb.
Frame.az