UEFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasına 100 gün qalıb
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün Bakıda keçiriləcək final qarşılaşmasına 100 gün qalıb. UEFA Avropa Liqasının həlledici oyununa vəsiqə qazanan iki komanda yüz gün sonra Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək.
Frame.az xəbər verir ki, final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti 100 gün ərzində bir sıra tədbirlərin təşkili planlaşdırılır. UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramında müsahibə mərhələsinə start verilib. BOS-un məlumat mərkəzində keçirilən müsahibə mərhələsi martın 9-dək davam edəcək. Bu mərhələdə namizədin dil bilikləri yoxlanılacaq, eləcə də könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsi, final oyununda işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi bacarıqları əsas götürüləcək. Üç minə yaxın könüllünün dəvət olunduğu müsahibə mərhələsində yalnız 1364 namizəd proqrama qoşulmaq şansı əldə edəcək.
Final oyununa xüsusi olaraq hazırlanmış “Futbola səyahət” adlı oyun layihəsinə də artıq start verilib. UEFA Avropa Liqasının tarixini yaxşı bilənlər qaliblər sırasında yer alacaq. Oyunda 1971-1972-ci il mövsümündən başlayaraq bugünədək Avropa Liqası, eləcə də Azərbaycan futbolunun tarixində baş vermiş mühüm hadisələrlə bağlı maraqlı suallar təqdim olunacaq. İştirakçılar www.quiz.finalbaku2019.az keçidinə daxil olaraq oyunda iştirak edə, sualları hər kəsdən tez və dəqiq cavablayaraq siyahıda birinci ola və dəyərli hədiyyələr qazana bilərlər.
Avropa Liqası təkcə futbol zövqü yaşatmır, həm də qazandırır. www.finalbaku2019.comsaytında artıq beş aydır futbolsevərlərin ixtiyarına verilmiş xüsusi layihəyə əsasən, təxminlərinə güvənənlər Avropa Liqasının 2018-2019-cu il mövsümü ərzində keçiriləcək oyunların hesablarını qeyd edirlər. Ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə Azərbaycan milli komandasının futbol geyimi, Avropa Liqasında iştirak etmiş klubların imzalı oyun köynəkləri, xüsusi suvenirlər və ya Avropa Liqasının rəsmi topu hədiyyə edilir. Bu günədək yarışda üç mindən çox iştirakçı qeydiyyatdan keçib.
UEFA Avropa Liqasının final oyununa ümumi oturacaqlar üçün biletlər martdan satışa çıxarılacaq.
Final oyununu izləməyə gələn azarkeşlər üçün də maraqlı proqramlar nəzərdə tutulub. Bakı bulvarında qurulacaq və minlərlə azarkeşin ürəyincə olacaq fan-zona mayın 25-29-da fəaliyyət göstərəcək.
Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.