UEFA Avropa Liqasının finalı üçün 12 628 əcnəbi vətəndaşa “ASAN Viza” verilib
Bakıda keçirilən UEFA Avropa Liqasının finalı üçün Azərbaycana gələn azarkeşlərin viza əldə etmələri yüksək səviyyədə təşkil olunub. Bakıda Final oyununa baxmaq üçün ümumi ziyarətçilər içərisindən viza almaq ehtiyacına malik olan 12 628 əcnəbi vətəndaş “ASAN Viza” sistemi vasitəsilə viza əldə edib. Prosesin rahat və daha tez olması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən öncədən “ASAN Viza” sistemində təkmilləşdirmə və optimallaşdırma işləri həyata keçirilib. Belə ki, Azərbaycana viza məqsədi ilə onlayn qaydada müraciət edənlər üçün www.evisa.gov.az portalına “Europa League Final” seçimi əlavə edilərək həm finala gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin rahat viza əldə etmələri təmin edilib, həm də statistik hesabatların və təhlillərin düzgün aparılması yerinə yetirilib.
Hazırlıqlar ərəfəsində, həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanında “ASAN Viza” terminallarının və xidmət pəncərələrinin sayı iki dəfədən çox artırılaraq 44-ə çatdırılıb. Əcnəbilərin Gürcüstandan da Azərbaycana səfər edə biləcəklərini nəzərə alaraq Sınıq Körpü və Sadıxlı sərhəd keçid məntəqələrində “ASAN Viza” xidmət pəncərələrinin fəaliyyəti təmin edilib.
Eyni zamanda vurğulamaq lazımdır ki, hava limanlarında gəliş vizalarının verilməsi proseduru xüsusi UEFA modulu vasitəsilə 2 dəqiqədən 20 saniyəyə qədər azaldılıb.
UEFA Avropa Liqası finalı üçün ölkəmizə səfər edən əcnəbilərin elektron viza haqqında məlumatlandırılmalarını təmin etmək məqsədilə AFFA, UEFA, Çelsi, Arsenal və Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfirliyi ilə əməkdaşlıq aparılıb və bu istiqamətdə bir sıra işlər görülüb.
UEFA Avropa Liqasının Bakı finalında iştirak etmək üçün ”ASAN Viza“ sistemi vasitəsilə 117 fərqli ölkədən olan əcnəbi vətəndaşa viza verilib. Final oyunu üçün əldə edilən vizaların 42%-i son 10 gündə verilib.
Frame.az