FutbolIdman

UEFA Çempionlar Liqası: “Qarabağ”- “Viktoriya Plzen” komandalarının oyunu heç-heçə başa çatıb

“Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyuna çıxıb.

“Qarabağ”ın rəqibi Çexiyanın “Viktoriya Plzen” klubu olub.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç heç-heçə başa çatıb – 0:0.

“Qarabağ”ın heyətində meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Bədavi Hüseynov, Kadi Borges, Abdullah Zubir, Ramil Şeydayev və İbrahima Vadji çıxıblar.

“Viktoriya Plzen”in start heyətində Yindrjix Stanek, Lukaş Heyda, Ludek Pernitsa, Yan Sikora, Yan Kopits, Pavel Buxa, Vatslav Yemelka, Lukaş Kalvax, Milan Havel, Con Moskera və Tomaş Xori yer alıblar.

Sloveniyalı baş hakim Slavko Vinçiçin idarə etdiyi qarşılaşma qarşılıqlı hücumlar şəraitində keçib.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq. Həmin matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu turu keçən komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klub isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.

Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində müvafiq olaraq, Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” komandalarını mübarizədən kənarlaşdırıb.

Yarışa ikinci təsnifat mərhələsindən qoşulan Çexiya çempionu isə əvvəlcə Finlandiyanın “HJK Helsinki”, sonra Moldovanın “Şerif” komandasına qalib gələrək “Qarabağ”ın rəqibi olub.

Xatırladaq ki, “Qarabağ” və “Viktoriya Plzen” komandaları indiyədək avrokuboklarda bir dəfə qarşılaşıblar. UEFA Çempionlar Liqasının 2016-2017-ci il mövsümünün üçüncü təsnifat mərhələsindəki qarşılaşmada Çexiyadakı ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı. Bakıda isə 1:1 hesabı ilə nəticələnən oyundan sonra “Viktoriya Plzen” səfər qolu sayəsində növbəti mərhələyə yüksəlmişdi.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!