UEFA ilə Azərbaycan Milli Dopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb
AFFA-nın inzibati binasında UEFA ilə Azərbaycan Milli Dopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
UEFA-nın Tibb və Anti-Dopinq şöbəsinin rəhbəri Mark Vouillamoz və AMADA-nın direktoru Şəfəq Hüseynlinin imzaladığı əməkdaşlıq müqaviləsindən sonra bütün ölkədaxili və beynəlxalq oyunlar zamanı agentliyin nümayəndələrinə dopinq-testlər götürmək ixtiyarı verilib.
Görüşdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və Azərbaycan milli komandasının həkimi Vyaçeslav Xomenko da iştirak ediblər. Rəsmi imzalama mərasimindən sonra Mark Vouillamoz və Şəfəq Hüseynli affa.az saytına fikirlərini bildiriblər.
Mark Vouillamoz: “Bakıda olduğumuz müddətdə həm AFFA, həm də AMADA ilə geniş müzakirələr apardıq. Bir çox istiqamətdə uğurlu danışıqlarımız oldu. Bu əməkdaşlıq çərçivəsində həm milli, həm də beynəlxalq səviyyədə birgə fəaliyyət həyata keçirəcəyik. Biz futbolçuları və klubları müdafiə etmək üçün çalışırıq. Premyer Liqa komandalarının həkimləri dopinqlə mübarizədə daha çox təcrübəyə malikdirlər. Birinci divizionda mübarizə aparan komandaların həkimlərinin və əməkdaşlarının bu istiqamətdə daha geniş informasiyaya malik olmaları üçün birlikdə seminarlar keçirməyi nəzərdə tuturuq. Onları lazımi informasiya ilə təmin edəcəyik”.
Şəfəq Hüseynli: “Qarşımızda duran əsas vəzifələrdən biri səmərəli, hərtərəfli və daimi olan test planı hazırlamaqdır. Bu plana uyğun olaraq il ərzində anti-dopinq testləri keçiriləcək. Digər idman növləri ilə müqayisədə futbolda dopinq test üsulu bir qədər fərqlidir. İslam oyunları zamanı futbol yarışlarında UEFA standartlarına uyğun bir çox dopinq testləri həyata keçirdik. Bu sahədə müəyyən təcrübəmiz var. Əməkdaşlıq müqaviləsindən sonra məsuliyyətimiz daha da artdı. Bundan sonra UEFA Azərbaycanda beynəlxalq səviyyəli tədbirlər zamanı dopinq testləri aparmağı bizə həvalə edəcək. Həmçinin gələcəkdə təcrübə toplamaq üçün bizim bir neçə dopinq nəzarət inspektorumuzun treyninqlərə cəlb olunması təklif olundu. Bundan sonra nəyinki ölkəmizdə, xaricdə də dopinq testi həyata keçirmək lazım olsa, bizim əməkdaşlarımız da orada iştirak edə biləcəklər”.
Frame.az