FinansIqtisadiyyatTurizmTəqdimat

Oruc İbrahimov – Vətəndaşlarımız Rusiyaya gedərkən bu kartlardan istifadə edə bilər

Bildiyiniz kimi, VISA, Mastercard və American Express ödəniş sistemləri Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Nəticə olaraq, Rus banklarının artıq VISA, Mastercard və American Express sistemləri tərəfindən dəstəklənməyəcəyi və ölkə xaricindən olan kartların da Rusiyada istifadəsinin mümkün olmayacağı bildirilib. Bu, o deməkdir ki, artıq Azərbaycan vətandaşları sahib olduqları VISA, Mastercard və American Express kartları Rusiyada istifadə edə bilməyəcəklər. Bir çox Azərbaycan Bankları artıq öz müştərilərinə Rusiyaya səfər edərkən bank kartlarında olan vəsaiti ATM-lərdə nağdlaşdırmağı və ya nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyi tövsiyə edib.

Maraqlıdır, həqiqətən Azərbaycan vətəndaşları Rusiyaya səfər edərkən kartlardan istifadə edə bilməyəcəklər?

Hər zaman olduğu kimi problemdən yox, həlli yolundan danışacayıq. Bank sahəsində çalışdığım dövrdə ölkənin nağdsız ödəniş siyasətinə dəstək və ümumiyyətlə, nağdsız ödənişlərə hər zaman üstünlük verən biri kimi bu mövzu ilə bağlı kiçik tövsiyəm olacaq.

Şəxsi təcrübəm

Şəxsi təcrübəmdən çıxış edərək bildirim ki, hələ 2017-ci ildə bankda çalışdığımız komanda ilə birlikdə dünyanın aparıcı ödəniş sistemlərindən biri olan “UnionPay International” şirkəti ilə təntənəli şəkildə tərəfdaşlıq müqaviləsi imzalamışdıq. Tərəfdaşlıq çərçivəsində banka məxsus bankomat və POS-terminallarında emissiya etdiyi kartların sayına görə dünya lideri olan “UnionPay İnternational” kartları ilə əməliyyatlar etmək mümkün idi. Bu gün artıq az sayda olsa belə Azərbaycanda bir neçə bank bu sistem ilə əməkdaşlıq edir və həmin sistemin UnionPay kartları emissiya edilir. Banklar tərəfindən bir necə növ kart buraxılır: UnionPay Classic, UnionPay Gold, UnionPay Platinum, UPİ Diamond kimi kartlar mövcüddur. Kart 1,2,3 il müddətinə valyuta olaraq AZN/USD/EUR  ilə açılır.

Qeyd olunan kartları ölkəmizdə hansı bank verir, həmçinin bu və ya digər məlumatları kartların adını axtarışa verərək əldə edə bilərsiniz.

180 ölkədə işləyən kart

UnionPay kartları nədir və bu bizə nə verir ?

UnionPay 2002-ci ildə əsası qoyulmuş Çinin beynəlxalq ödəniş sistemidir. UnionPay kartları həm Rusiyada, həm də UnionPay International ödəniş sistemi ilə işləməyi dəstəkləyən 180 ölkədə qəbul edilir. Mövcüd vəziyyəti nəzərə alaraq, siz artıq bu kartları sifariş edərək Rusiyaya gedib nağdsız ödəniş əməliyyatlarını öncədən yox, istənilən vaxtı və anında edə biləcəksiniz. Həmçinin istənilən zaman Azərbaycanda olan ailə üzvləri banka gedərək karta mədaxil edə bilərlər. Əlbəttə, siz ATM, terminal və ya mobil əlavə vasitələri ilə bunu hər zaman edə bilərsiniz, lakin bu, həmin kartların emissiya edilən banklarında xidmətin mövcüd olmağından asılıdır.

Kartların üstünlüyü

UnionPay kartları digər kartlardan nə ilə seçilir?

Hər kartın öz üstünlüyü var. UnionPay kartları bir çox məkanlarda ödənişlər zamanı öz sahibinə endirimlər qazandırır. Bu kartla xaricdə edilmiş alış-verişlər üzrə vergi ödənişləri Tax Free sahəsində qlobal kompaniya olan “Global Blue” ilə tərəfdaşlıq çərçivəsində kart sahibinin hesabına daha təhlükəsiz və daha sürətli qaydada geri qayıdır. Əlavə olaraq, UnionPay kart sahibləri mütəmadi olaraq keçirilən kampaniyalar çərçivəsində dünyanın bir çox hava limanlarının “Duty free” alış-veriş zonasında xüsusi endirimlər əldə edə bilərlər. Xüsusi ilə də Asiya ölkələrində tez-tez rastınıza çıxacaq. Eyni zamanda, premium UnionPay kart sahiblərinin “Global concierge”, “Global assistance” kimi bir sıra beynəlxalq xidmətlərdən yararlanmaq imkanı var. Bunu da qeyd edim ki, digər sistemlərdəki kimi,  “UnionPay International” ödəniş sisteminin öz mobil tətbiqi mövcüddur və yükləyərək kart barədə ətraflı məlumat əldə edə bilərsiniz. Məlum hadisələrə qədər UnionPay Rusiyada geniş yayılmış ödəniş sistemi deyildi. Hazırda Rusiyada bir çox banklar Çin ödəniş sistemi ilə əməkdaşlığa qoşulmaq sorğuları göndərirlər.

Əgər artıq UnionPay kartınız varsa, o zaman Rusiya daxilində on minlərlə bankomatdan nağd pul çıxara, xidmətlər üçün ödəniş edə, pul köçürə və balansınızı artıra bilərsiniz. Bu əməliyyatları  UnionPay loqosu olan bütün bankomat və terminallarda həyata keçirə bilərsiniz.

Lakin “UnionPay International” ödəniş sistemi Azərbaycan banklarında az sayda olduğundan vətəndaşlar, bu kimi xidmətlərdən xəbərsizdirlər. Nəticədə Rusiyaya səfər edən vətandaşlar ödənişlə bağlı çətinliklər yaşayırlar. Banklar isə mövcüd vəziyyətdə kart sahəsində bazar payını və əlavə gəlir imkanlarını itirirlər. Ona görə tövsiyə olunur ki, banklar hər zaman yenilik və alternativ bazar axtarışında olsunlar. Eyni zamanda bu kartları təmin edən banklar kartların satışını artırmaq məqsədilə turizm şirkətləri ilə əməkdaşlıq edə bilərlər.

Oruc İbrahimov- Biznes konsultant

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!