BMT-də “Sputnik V” koronavirus əleyhinə Rusiya vaksininin təqdimatı keçirilib
Rusiyanın səlahiyyətli orqanları “Sputnik V” koronavirus əleyhinə vaksininin istehsalını həm ölkə daxilində, həm də dünya miqyasında genişləndirməyi planlaşdırırlar. Preparatın klinik sınaqları sona çatmaq üzrədir, hazırda o, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısının birinci yerlərindədir.
BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər veririk ki, bu barədə Rusiya peyvəndinin BMT-də keçirilən virtual təqdimatında Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko bildirib.
“Qeydiyyat sonrası klinik sınaqlara 2020-ci il avqustun 25-də başlanılıb. Sınaqlarda 40 mindən çox insan iştirak edib. Klinik sınaqlar Rusiya, Belarus, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və Venesuelada aparılır. Həmçinin Braziliya və digər ölkələrdə sınaqlarla bağlı danışıqlar aparılır”, – deyə nazir söyləyib.
O qeyd edib ki, alınan məlumatlar peyvəndin anticisimlərin və hüceyrələrin güclü immun cavabına səbəb olduğunu göstərib. Rusiyada artıq risk qrupuna aid olan vətəndaşların immunizasiyasını həyata keçirməyə başlanılıb, deyə Muraşko vurğulayıb. Artıq 100 mindən çox insan peyvənd olunub.
Rusiya KİV-də bu ölkədə COVID-19-a qarşı kütləvi peyvəndləmənin gələn həftə başlanacağı barədə məlumatlar yayılıb. Çərşənbə günü Rusiya Prezidenti Vladimir Putin müvafiq sərəncam imzalayıb.