MaraqlıMobil dünyaTəqdimat

Windows istifadəçiləri üçün faydalı qısa keçidlər (shortcuts)

Windows əməliyyat sistemi ilə işləyən istifadəçilər bəzən müəyyən hərəkətləri yerinə yetirmək üçün qısa keçidlərdən, ingiliscə shortcut-lardan istifadə edirlər. Bu həm işi sürətləndirir, həm də siçanın (mouse) işləmədiyi hallarda kömək edir. Bu məqaləmizdə ən faydalı sürətli keçidləri sizinlə paylaşmaq istərdik. Onların bəzilərindən hamının xəbəri olsa da, digərləri ilə bəlkə də yeni tanış olacaqsınız.

Bu sürətli keçidləridən Windows XP və daha yeni əməliyyat sistemlərində istifadə edə bilərsiniz.

Windows loqosu + D

Bir neçə pəncərə eyni zamanda açıqdırsa və siz ani olaraq öz masaüstünüzə (desktop) keçmək istəyirsinizsə Windows loqosunu və D düyməsini eyni zamanda sıxın.

Windows loqosu + M

Bu qısa sürətli keçidlə siz ani olaraq bütün açıq pəncərələri eyni zamanda aşağıya qatlaya (minimize) bilərsiniz. Bu yolla siz ekranınızda nələr baş verdiyini görmək istəyənlərdən öz işinizi qoruya bilərsiniz. Yenidən bütün pəncərələri aktiv hala gətirmək üçün isə Windows loqosu + Shift + M düymələrini eyni anda sıxmağınız kifayətdir.

Windows loqosu + E

Siçan (mouse) işlək vəziyyətdə olmadıqda bəzən masaüstündə olan qovluqları və ya proqramları seçib açmaq üçün bir neçə dəfə düymələrə basma qlazım gəlir. Windows loqosu + E kombinasiyası ilə siz nəinki Mənim Kompüterim (My Computer) qovluğunu aça bilərsiniz, eyni zamanda bütün sərt diskləri və qovluqları da rahatca nəzərdən keçirə bilərsiniz.

Alt + Enter

Bu sürətli keçidin vasitəsilə istənilən faylın, sənədin və ya qovluğun xüsusiyyətlərini dərhal açılan pəncərədə öyrənə bilərsiniz.

Windows loqosu + R

Bu sürətli qısa keçid istifadəçilərə müxtəlif əməliyyatları yerinə yetirmək üçün Run funksiyasını aktivləşdirməyə kömək edir.

Ctrl + Esc

Bu sürətli keçid Windows loqosu ilə eynilik təşkil edir və Start menyusunu açmağa xidmət edir.

Windows loqosu + L

Təsəvvür edin ki siz bir neçə dəqiqəlik harasa getməlisiniz, amma kompüterinizə kiminsə girə bilməsinə də yol verə bilməzsiniz. Söz yox ki onu söndürə bilərsiniz, lakin bu çox uzun zaman ala bilər və qeyri-effektivdir. Onun üçün Windows loqosu + L düymələrinə birlikdə sıxmaqla ani olaraq kompüterinzi kilidə sala bilərsiniz. Geri qaytıdıqda sadəcə şifrənizi daxil edib işinizi davam etdirə bilərsiniz.

Alt + Tab

Bu düymələri eyni anda sıxmaqla açıq olan pəncərələr arasında sürətli keçid həyata keçirə bilərsiniz.

Shift + Ctrl + N

Əgər siz Windows 7 əməliyyat sistemindən istifadə edirsinizsə, bu düymələri bir yerdə sıxmaqla ani olaraq Yeni Qovluq yarada bilərsiniz. Nəzərə alın ki bu funksiya Windows XP-də işləmir.

Windows loqosu + Break

Bu düymələri eyni anda sıxmaqla ani olaraq Sistem parametrlərinə (System Properties) keçid əldə edəcəksiniz. Beləliklə də bu hissəyə daxil olmaq üçün hər dəfə İdarəetmə panelinə (Control Panel) keçməyə ehtiyac qalmayacaq.

Windows loqosu + F və ya F3

Bu düymələri bir yerdə sıxmaqla isə siz öz kompüterinizdə istənilən faylları və ya qovluqları axtara bilərsiniz.

Windows loqosu + Space (Boşluq düyməsi)

Bu düymələri birlikdə sıxmaqla ani olaraq masaüstünə baxış keçirə bilərsiniz və bu zaman açıq pəncərələri aşağı endirməyə gərək də qalmır. Açıq pəncərlər şəffaf hal aldıqlarından siz masaüstündə nə olduğunu görə bilirsiniz. Bu funksiya da Windows XP xaric daha müasir Windows əməliyyat sistemlərində işləyir.

Windows loqosu + T

Bu sürtəli keçid açıq pəncərənin öngörünüşünü izləməyə imkan verir. Hər dəfə bu iki düyməni birlikdə sıxmaqla tapşırıq çubuğundakı (Taskbar) açıq lakin qatlanmış pəncərələrin öngörünüşünə ardıcıl olaraq baxa bilərsiniz.

Ctrl + Shift + Esc

Bu üç düyməni eyni zamanda sıxmaqla Tapşırıq Menecerini (Task Manager)  aça bilərsiniz. Bəzən Ctrl + Alt + Delete düymələrini eyni anda tıklayıb sonra menyudan Tapşırıq Menecerini seçmək istifadəçiləri qıcıqlandırır. O səbəbdən də birbaşa bu üç düyməni sıxmaqla istədiyinizə nail ola bilərsiniz.

Windows loqosu + U və Windows loqosu + X

Birinci sürtəli keçid sizə Windows mərkəzinə (Windows Center), ikincisi isə Mobil mərkəzə (Mobile Center) keçməyə imkan yaradır.

Windows loqosu + (+ və -)

Bu funksiya vasitəsilə masaüstünüzdəki ikonları vizual olaraq yaxınlaşdırıb uzaqlaşdıra bilərsiniz. Nəzərinizə çatdıraq ki, bu funksiya Windows XP əməliyyat sistemlərində işləmir.

Shift + Delete

Bu funskiyadan istifadə edərkən ehtiyatı olun. Çünki bu sürətli keçid vasitəsilə faylları birdəfəlik, yəni zibil qutusuna atmadan silmək mümkündür.

Windows loqosu + Home

Bu sürətli keçid vasitəsilə hazırda aktiv olan pəncərədən savayı digər pəncərələri aşağı qatlamaq mümkündür.

Sizin də bildiyiniz faydalı sürtəli keçid varsa lütfən onu bizimlə şərhlər bölməsində paylaşın.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!