WUF13 çərçivəsində assambleyaların birgə açılış sessiyası
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılış sessiyası keçirilib.
BMT-nin Məskunlaşma Proqramında (UN-Habitat) maraqlı tərəflərin cəlb edilməsi üzrə məsləhətçi və baş ekspert Aditya Kumarın moderatorluq etdiyi sessiya “Paylaşılan prioritetləri kollektiv fəaliyyət momentumuza necə çevirə bilərik?” mövzusuna həsr edilib.
Tədbir ümumi prioritetləri üzə çıxarmaq və ilkin öhdəlikləri stimullaşdırmaq üçün hekayə nəqlini, yüksəksəviyyəli dialoqu və interaktiv iştirakçılığı özündə birləşdirir. Mənzil təminatı sahəsində artan çətinliklər, iqlim təzyiqləri və getdikcə dərinləşən bərabərsizliklərlə xarakterizə olunan bir dövrdə bu açılış rəsmi mərasim çərçivəsindən kənara çıxaraq, iştirakçıları forumun yekun nəticələrinə birbaşa töhfə verən qüvvə kimi fəallaşdırır.
Sessiyada çıxış edən WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, bu gün dünyada məskunlaşma ilə bağlı baş verən böhran təkcə binalarla bağlı deyil, bu, insanların təhlükəsizliyi və imkanlara çıxışların əlçatan olması ilə bağlıdır. Birbaşa iqlimlə bağlı olan bu məsələ gələcək dayanıqlığı da ehtiva edir. Ona görə də Ümumdünya Şəhərsalma Forumu olduqca vacibdir.
O bildirib ki, WUF burada müxtəlif maraqlı tərəfləri təmsil edir. Bunun əsas güclü cəhəti ondan ibarətdir ki, biz inklüziv yanaşmanı təşviq etməliyik. Bu, cəmiyyətin müxtəlif təbəqələrini, bərabərhüquqlu insanlar və tərəflər kimi bir araya gətirir. Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir. Forum qadınların, uşaqların, gənclərin, vətəndaş cəmiyyətinin səslərini bir araya gətirir. Yerli hökumət idarəetmə qrupları da bütün bu müzakirələrə cəlb olunaraq WUF13 ilə bağlı nəticələri bir araya gətirməlidirlər.
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) təşkilində əməyi olan bütün tərəfdaşlara, xüsusilə Azərbaycana təşəkkür edib. Bildirib ki, bu, assambleyanın işini mənalı edir.
İcraçı direktor nəzərə çatdırıb ki, bu, qlobal bir platformadır və şəhərsalma problemlərinin həlli üçün olduqca vacibdir. Forumda iştirak edən dövlət təmsilçiləri, vətəndaş cəmiyyətləri və digərləri urbanizasiyanın gələcəyini necə gördüklərini bölüşəcəklər. Müzakirələr proseslərə ilham verəcək. Həmçinin biznes icmalarının burada iştirakı vacibdir. Forum yeni müttəfiqliklər qurmaq üçün mühüm platformadır.

