“Xəzəri Qoruyaq!” şüarı ilə beynəlxalq ekoloji aksiya keçiriləcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Coca-Cola” şirkəti və “ASAN Könüllüləri”nin birgə təşkilatçılığı ilə 18 sentyabr 2021-ci il tarixində Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə təmizlik aksiyası keçiriləcək. Aksiyada 1000 nəfər könüllünün iştirakı gözlənilir. Tədbirin tərəfdaşları qismində Bakcell, PASHA Bank, “Carlsberg”, Bakı Nəqliyyat Agentliyi, “AzEcol”, şirkətləri yer alıb. Aksiyanı dəstəkləyən qurumlar sırasında isə Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, ADA universiteti, AFFA və Azərbaycan Velosiped İdmanı Federasiyası var.
Ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etmək məqsədilə keçirilən aksiyada bu il Xəzərin Bilgəh, Pirşağı, Goradil, Novxanı, Corat çimərliklərində sahilyanı ərazilər tullantılardan təmizlənəcək.
Son 30 il müddətində dünyanın 100-dən çox ölkəsi hər il sentyabrın üçüncü şənbə gününü Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə bütün dünya üzrə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər.
Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 10 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Ölkəmizdə ətraf mühit məsələlərinə artan diqqət və maraqdan dolayı hər il bu ekoloji aksiyaya böyük sayda könüllülər, qurumlar və şirkətlər qoşulmaqdadır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq bütün iştirakçılar tibbi maska və antiseptik vasitələlə təmin olunacaqlar və aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil olunacaq.
Bundan əlavə, bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik və təhlükəsizlikləvazimatları ilə təmin olunacaqlar.
Xatırladaq ki, Azərbaycanda son 10 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektaradək ərazisi təxminən 40 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.