“Xəzərdən Başlayan Səyahət” proqramına start verildi
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib. Azərbaycanın Birinci Vitse-Prezidenti və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, xanım Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının Prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz tərəfindən müşayiət olunan Prezident İlham Əliyev, Xəzər dənizinin suyu ilə doldurulmuş mis səhəngləri 16 uşağa təqdim etdi. Məhz həmin uşaqlar Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ruhunu Azərbaycan xalqına çatdırmaq üçün bu suyu öz doğma şəhərlərinə aparacaqlar.
Bakıdan olan uşaq iki nüfuzlu idmançının – taekvando üzrə dünya çempionatının ikiqat mükafatçısı Rəşad Əhmədov və Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Mariya Stadnikin müşayiəti ilə Xəzər dənizinin sahillərindən birlik rəmzi olan suyu bütün Azərbaycana paylamaq üçün toplayıb.
“Xəzərdən başlayan səyahət” proqramının açılışında Azərbaycan xalq rəqsləri nümayiş olunmuş, Azərbaycan Respublikasının xalq artisti, Şöhrət ordeni, “Qızıl çinar” və digər beynəlxalq mükafatlar sahibi Alim Qasımov və qızı Fərqanə Qasımova müxtəlif muğamlar ifa etmişlər. Su ilə bağlı mərasimin yaratdığı gözəllik, eyni zamanda atəşfəşanlıq tamaşaçıların zövqünü oxşamışdır.
Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Rayonların hər birində iki tədbir təşkil olunacaqdır. İlk Su Mərasimi tədbiri həmin rayonun füsunkar təbii gözəlliyi ilə seçilən tematik ərazisində gündüz saatlarında keçiriləcəkdir. Axşam saatlarında isə rayonun azyaşlı sakini və iki azərbaycanlı idmançı su ilə doldurulmuş Səhəngi Su Festivalında təqdim edəcəklər.
Mərasimdən sonra həmin su Bakıya gətiriləcək və 12 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasiminin tərkib hissəsi olacaqdır.
IV İslam Həmrəyliyi oyunları Təşkilat Komitəsi “Xəzərdən başlayan Səyahət”in ilkin təqdimat mərasimi haqqında danışarkən qeyd edib ki, bu möhtəşəm mərasim Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının ruhunu Azərbaycan xalqına çatdırmaq məqsədi daşıyan ümummilli səyahətin başlamasından xəbər verir.
Qeyd edilib ki, Xəzər dənizindən başlayan Səyahətin ölkəmizin bütün guşələrinin təbii gözəlliyini, füsunkar təbiət landşaftını və mənzərəli yerlərini nümayiş etdirmək üçün əla fürsətdir.
Frame.az