EventsMədəniyyətSərgiTəqdimatƏn SonƏn Son

Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” sərgisinin açılışı olub

Noyabrın 26-da Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayı: ipək qanadlar” adlı sərginin açılışı olub.

Frame.az xəbər verir ki, sərgi kəlağayı sənətinin “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin beş illiyinə həsr edilib.

Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, ekspozisiyaya Azərbaycanın Əməkdar rəssamı İnna Kostinanın şəxsi kolleksiyasından 30-dan çox kəlağayı nümunəsi, o cümlədən ipək üzərində batika texnikasında hazırlanmış onun müəllif olduğu 30 panno daxildir. Sərgi konsepsiyasının əsasını ənənəvi, yəni klassik və ipək üzərində rəsm sənətinə müasir, yəni müəllif yanaşmanın sintezi təşkil edir. Vurğulanıb ki, İnna Kostinanın xüsusi olaraq bu layihə üçün yaratdığı pannolarını Şəki və Basqalda keçən əsrdə qədim texnologiya əsasında müxtəlif müəlliflər tərəfindən hazırlanmış kəlağayılar ilə bir arada görmək mümkündür.

Həmin kolleksiyada İnna Kostinanın müəllif işi də var. Bu qızılı ornamentli, bənövşəyi kəlağayı Basqalda Rəna İbrahimbəyova və Cəlil Tarverdiyevin yaratdığı “Kəlağayı” baramaçılıq mərkəzində 2003-cü ildə keçirilən yaradıcılıq forumunda hazırlanıb. Orada İnna Kostina Azərbaycanın digər ipək üzrə rəssamları – T.Ağababayeva, İ.Zeynalova və F.Məmmədova ilə birlikdə bütün qədim texnologiyaları nəzərə almaqla, öz eskizləri əsasında kəlağayılar yaradıb.

Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar mədəniyyət işçisi Məmmədhüseyn Hüseynov və Azərbaycan Rəssamlar İttifaqının üzvü Cəlil Tanrıverdiyev çıxış edərək rəssamın yaradıcılığından bəhs edib, sərginin əhəmiyyətindən söz açıblar.

Sonra qonaqlar sərgiyə baxıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!