Xalça Muzeyində “Laçın, səndə nələr qaldı…” adlı tədbir keçirilib
Mayın 16-da Azərbaycan Xalça Muzeyində muzeyin Şuşa filialının təşkilatçılığı ilə Laçının işğalının 25-ci ildönümünə həsr olunmuş “Laçın, səndə nələr qaldı…” adlı tədbir keçirilib.
Frame.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd gənclərimizdə vətənpərvərlik ruhunun artırılması, Laçın ziyalılarının örnək dolu ömür yolunu yeni nəslə çatdırmaq, həmçinin qədim sənət nümunələrimizin öyrənilməsi və qorunmasını aşılamaq, eyni zamanda, qədim tarixi diyarımız olan Laçının işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdan ibarətdir.
Tədbirdə Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Şikar Qasımov, Əməkdar Mədəniyyət İşçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Solmaz Məhərrəmova, Laçın rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuriyeva, “Tarixi Abidələrin Mühafizəsi” İctimai Birliyinin sədri Faiq İsmayılov və başqaları Laçının mədəniyyəti, incəsənəti, maarif və elm xadimləri haqqında öz dəyərli fikirlərini və Laçınla bağlı xatirələrini bölüşüblər.
Bədii proqramla davam edəcək tədbirin sonunda “Laçına virtual səyahət” adlı videoçarx nümayiş olunub.