“Xalçaçılıq sənətini yaşat və təbliğ et!” adlı layihə Odlar Yurdu Universitetində təşkil olunub
Cari ilin 9 iyun tarixində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə həyata keçirilib.
Tədbiri Odlar Yurdu Universitetinin ümumi işləri üzrə prorektoru Vüqar Şahinzadə giriş nitqi ilə açaraq bildirib ki, Azərbaycan xalq – tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. Məhz bu cür layihənin Odlar Yurdu Universitetində keçirilməsi bizim üçün qürur verici bir hadisədir.
Sonra layihənin regional koordinatoru Fuad Rəsul qeyd edib ki, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında qanuna uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti , UNESKO və İSESKO–nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan xalçaçılığına sevgi və qayğısı bu sahənin tarixi ənənələrinin qorunub saxlanılmasına və inkişafına imkan yaradıb. O, həmçinin bildirib ki, Qarabağ, Şirvan, Naxçıvan, Gəncəbasar, Abşeron, Quba kimi tarixi xalçaçılıq mərkəzlərində qədim ənənələrin bərpası, gənc nəsillərə öyrədilməsi, yaşadılması və davam etdirilməsi istiqamətində aparılan islahatlar ictimaiyyət tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.
Daha sonra çıxış edən Azərbaycan Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova tədbir iştirakçılarına xalqımızın əsrlər boyu qoruduğu və yaşatdığı qədim sənət növü olan xalçaçılıq tarixi, bu sənətin öyrənilməsi, unudulmaqda olan xalça naxışları haqqında ətraflı məlumat vermişdir. O, bu sahədə əldə olunmuş nailiyyətlərin ictimaiyyətə dolğun və hərtərəfli şəkildə çatdırılması ilə bağlı öz fikirlərini bölüşmüş və bu layihənin həyata keçirilməsinin cəmiyyətin fikrinin xalçaçılıq sənətinə yönəldilməsi baxımından əhəmiyyətli olduğunu xüsusi vurğulamışdır.
Tədbirə yekun vuran layihənin regional koordinatoru Fuad Rəsul Odlar Yurdu Universitetinin rəhbərliyinə öz təşəkkürünü bildirib və belə tədbirlərin silsilə olaraq təşkil olunacağını qeyd edib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib. Frame.az