Xalq artisti Brilliant Dadaşova Heydər Əliyev Sarayında “Ürəklə Sizinlə” adlı konsert proqramı ilə çıxış edib
Müğənni xalq, klassik və müasir estrada mahnılarını ifa edib. Səhnələşdirilmiş musiqili gecədə “Qatar”, “Sevəcəyəm de”, “Əgər məni unutsan”, “Tet-a-tet”, “Maç-maç, quç-quç”, “Əzizim” və digər bəstələr səslənib.
Konsert boyunca müğənni “Səs Azərbaycan” layihəsində iştirak edən tələbələri ilə birlikdə çıxış edib. “Arşın mal alan” musiqili səhnəcik isə tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.
Xalq artisti həmçinin uzun illər öncə mərhum reper Anar Nağılbazla oxuduğu “Gecələr” mahnısını yenidən tələbələri ilə ifa edib.
Xüsusi coşqu ilə keçən konsertin ikinci hissəsində sənətkarın tamaşaçıların yanına gələrək onlarla birgə ifa etməsi maraqla qarşılanıb.
Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbədən danışan Brilliant Dadaşova musiqili gecənin sonunda atası Süleyman Dadaşovun ötən əsrdə bəstələdiyi “Zəngəzur” yallısını gənclərlə birlikdə oxuyub. Sözügedən musiqini bu qələbədə payı olan hər kəsə ithaf etdiyini deyib. Coşqu ilə bu mənzərəni izləyən tamaşaçılar dəfələrlə müğənnini yenidən ifa etmək üçün səsləyib.