Təqdimat

Xalq artisti İlham Namiq Kamal: “Musiqili Teatr mayaka çevrilir”

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professor İlham Namiq Kamalla müsahibə

– Salam, İlham müəllim! Necəsiniz, işlər necədir?

– Sağ olun, yaxşılıqdı. Arxada qoyduğumuz mart ayı bayramlarla əlamətdar aydı. Bu ay 8 Mart Beynəlxalq Qadınlar Günü, əsrlərdir ki, xalqımızın adət-ənənələrini özündə əks etdirən İlaxırçərşənbə, Novruz Bayramını qeyd etdik. Mart ayının eyni zamanda ölkəmizin teatr ictimaiyyəti üçün də xüsusi yeri var. 10 mart ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur. Beynəlxalq Teatr Günü də məhz bu aya – 27 mart tarixinə təsadüf edir. Bu günlərdə dövlət başçısı cənab İlham Əliyev ölkəmizin teatr xadimlərinin mükafatlandırılması, təltif edilməsi ilə bağlı sərəncam imzaladı. Habelə, Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin əmri ilə teatr sahəsində çalışan müxtəlif şəxslər Fəxri fərman və “Fəxri mədəniyyət işçisi” döş nişanları ilə təltif olundu. Təltif olunanlar sırasında bizim sevimli teatrın da əməkdaşları var. Buna çox sevinirik. Bütün bunlar insanı yalnız ruhlandıra, daha böyük yaradıcılıq uğurlarına sövq edə bilər. Bu, həm də ümumilikdə, Azərbaycan mədəniyyətinə, Azərbaycan teatr sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu bizə, bizim sənətimizə verilən çox yüksək, ali qiymətdir.
– Dediniz ki, təltif olunanlar arasında Musiqili Teatrın nümayəndələri də var idi. Söhbət kimlərdən gedir?

– Azərbaycan Dövlət Musiqili Teatrının Baş baletmeysteri Zakir Ağayev hörmətli prezidentimizin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görüldü. Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevin əmri ilə aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı Novruz Qartal və orkestr artisti Zakir Dadaşov “Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərman”ı, teatrımızın quruluşçu rəssamı Nabat Səmədova isə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundular. Bir məqamı xüsusi ilə qeyd etmək istəyirəm. Son dövrlərə qədər Musiqili Teatrda fəxri adı olan sənətçilər çox az idi. Məhz son 7-8 ildə teatrımızın bir çox əməkdaşı müxtəlif fəxri adlarla təltif olunublar. Buna görə şəxsən öz adımdan, həmkarlarım adından möhtərəm prezidentimiz cənab İlham Əliyevə, hörmətli nazirimiz Əbülfəs Qarayev başqa olmaqla Mədəniyyət və Turizm nazirliyinə minnətdarlığımı bildirirəm.

– Dediklərinizdən belə məlum olur ki, maşallah, hər şey qaydasındadır…
– Şükür Allaha, hər şey əladır, hər şey yolundadır. Nədənsə narazı olmağa heç bir əsas, heç bir səbəb yoxdur. O insanın ki, əməyi qiymətləndirilir, ona dəyər verilir, onun kimdənsə inciməyə, narazı olmağa əsası, haqqı yoxdur. Bizim teatrda isə bu işlərə xüsusi önəm verilir. Hər kəs işinin, zəhmətinin dəyərini alır. Mən Azərbaycan Dövlət Musiqili Teatrının aparıcı aktyoru olmaqla yanaşı, Xalq artistiyəm, “Şöhrət” ordeni ilə təltif olunmuşam, Prezident təqaüdçüsüyəm, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, professoram. Xalq məni tanıyır, sevir. İstər dövlət, istər işlədiyim teatrın rəhbərliyi tərəfindən əməyim hər zaman qiymətləndirilir, həmişə özümə qarşı diqqət və qayğı hiss edirəm. Düşünürəm ki, bir sənət adamına göstərilən diqqət və qayğı həm də onun çevrəsinə, ailəsinə göstərilən diqqət və qayğıdır. Yaradana minnətdaram ki, mənə belə bir tale və təbii ki, belə bir kollektiv nəsib edib. Bizim Musiqili Teatrda böyük-kişik yeri həmişə gözlənilir, bilinir. Təbii ki, bu da rəhbərlikdən irəli gəlir.

– Hazırda Musiqili Teatrın repertuarındakı hansı tamaşalarda oynayırsınız?

– Musiqili Teatrın cari repertuarındakı bir sıra tamaşalarda baş rolları ifa edirəm. Dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyasında Mərcan bəyi oynayıram. Yeri gəlmişkən qeyd edim ki, Musiqili Teatrın əsası ötən əsrin əvvəllərində məhz bu dahiyanə səhnə əsəri ilə qoyulub. Daha sonra F. Sücəddinov və T. Vəliyevanın “Mən dəyərəm min cavana” tamaşasında İbad İbadoviç, R. Mirişli və M. Haqverdiyevin “Qısqanc ürəklər”ində Polkovnik Mikayıl, E. Sabitoğlu və C. Məmmədovun “www.ferzeli-kef.com”-unda Fərzəli, R. Mirişli və M. Haqverdiyevin “Amerikalı kürəkən”ində Orxan rollarını ifa edirəm. Bir-birindən maraqlı, yaddaqalan obrazlarla hər həftə ən azı bir dəfə tamaşaçıların qarşısına çıxmaq, onların alqışlarını qazanmaq… Aktyor üçün bundan böyük xoşbəxtlik ola bilərmi?
– Musiqili Teatrda rejissor kimi hazırladığınız tamaşalar varmı?

– Əlbəttə var! Məsələn, bayaq qeyd etdiyim R. Mirişli və M. Haqverdiyevin “Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu rejissoru mənəm. Tamaşadakı tərəf-müqabilim Azərbaycan Respublikasının Əməkdar artisti, hamının müğənni kimi tanıdığı, amma həm də gözəl aktrisalıq istedadına malik olan Almaz Ələsgərlidir. Bütün bunlarla yanaşı, bir sıra yeni layihələr də var ki, hazırda onların üzərində işləyirik.
– Bir qədər bu haqda danışardınız.

– Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasını hazırlamaq arzusundayam. Bu əsər illər öncə yazılsa da, orada günümüzlə səsləşən bir sıra məqamlar var. Əsərin liberottusunu işləyərkən bütün bunları nəzərə aldım. Bilirsiniz heç vaxt köhnəlməyən, həmişə müasir olan əbədi mövzular var. Məsələn, tamah, var-dövlət hərisliyi, sevgi, məhəbbət… Bu mövzular bütün dövrlərdə müasirdi. Bildirim ki, quruluşçu rejissoru olacağım “Əliqulu evlənir” tamaşasının musiqisi Oqtay Rəcəbova məxsusdur. Mahnı mətnlərini gözəl şairimiz Baba Vəziroğlu qələmə alıb. Hazırda qızğın iş gedir, inanıram ki, bu səhnə əsəri də tamaşaçılarımızın ürəyincə olacaq.

– Qeyd etdiniz ki, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdirisiniz. Tələbələrinizdən Sizinlə birlikdə Musiqili Teatrda işləyən varmı?

– Bəli, var və bu mənim xoşbəxtliyimin daha bir sübutudur. Səməzadə Xasıyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, vaxtı ilə “İlham” Miniatür Teatrında mənimlə birlikdə işləmiş Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva – sonradan Musiqili Teatra gəldilər – hamısı mənə doğma, əziz insanlardı. Sözün həqiqi mənasında mən xoşbəxt insanam ki, tələbələrimlə eyni səhnəni bölüşür, onlarla çiyin-çiyinə işləyirəm. Əlbəttə, bu şəraiti yaratdığına, istedadlı gənclərin teatrımıza cəlb olunmasına, onlara yüksək etimad göstərilməsinə, onlara arxa, dayaq olduğuna görə ilk növbədə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, bütün kollektivin sevimlisi, əziz dostum Əliqismət Lalayevə təşəkkür etmək istəyirəm. Ümumiyyətlə, Əliqismət Lalayev Musiqili Teatra direktor təyin olunandan sonra burada bir canlanma yaranıb. Təbii ki, bu barədə mətbuatda da kifayət qədər yazılır, kifayət qədər işıqlandırılır. Bu gün teatrın repertuarında olan Ü. Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, İ. Əfəndiyevin “Mənim günahım”, F. Əmirovun musiqiləri əsasında “999-cu gecə”, Elçinin “Baladadaşın toy hamamı”, Ə. Haqverdiyevin “kimdir müqəssir?”, O. Kazımi, R. Heydərin “Qızıl toy”, habelə rus bölməsində İ. Kalmanın “Silva”, R. Hacıyevin “Qafqazlı qardaşqızı”, M. Komulettinin “Fransızsayağı qarnir” və başqa səhnə əsərləri uğurla nümayiş olunur. Eyni zamanda Azərbaycan və rus dillərində bir sıra uşaq tamaşalarımız var ki, hər zaman uşaqlar böyük maraq içində və sevə-sevə izləyirlər. Teatrımız müxtəlif ölkələrdə keçirilən Beynəlxalq festivallarda uğurla iştirak edir, mükafatlar qazanır. Artıq Musiqili Teatr bir mayaka çevrilir. Hər şey göz qabağındadır, mənə elə gəlir ki, əlavə sözə ehtiyac yoxdur.

– Bu yaxınlarda Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” əsərində Soltan bəy obrazında çıxış etdiniz.

– Bu da yeni bir layihə idi və inanıram ki, uğurlu alındı. Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov və Baş rejissor, Əməkdar incəsənət xadimi Hafis Quliyev məni dəvət etdi və mən də onların bu dəvətini məmnuniyyətlə qəbul elədim. Ümumiyyətlə, bunun özü də Azərbaycan teatrında yeni bir tendensiyadır və səhv etmirəmsə, bunun da əsası bizim teatrda qoyulub. Hələ 2011-ci ildə Əliqismət müəllimin təklifi ilə Musiqili Teatrda Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda Qoqolun məşhur “Evlənmə” əsəri səhnələşdirildi. Həmin tamaşaya Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisaları, Xalq artistləri Şükufə Yusupova, Məleykə Əsədova, Gənc Tamaşaçılar Teatrından Əməkdar artist Qurban İsmayılov dəvət olundular. Tamaşa yaxşı mənada çox böyük səs-küyə səbəb oldu və Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” Mükafatını qazandı. 2012-cü ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından Xalq artisti Hüseyn-Səfa Mirzəhəsənov J.B. Molyerin “Skapenin kələkləri” tamaşasında Arqat rolunu ifa etmək üçün dəvət olundu və həmin tamaşa hazırda da teatrımızın repertuarında uğurla nümayiş olunur. 2014-cü ildə isə Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkda artist Şövqi Hüseynov Üzeyir Hacıbəylinin əbədiyaşar “O olmasın, bu olsun” iki hissəli musiqili komediyasında iştirak etmək üçün dəvət olundu və Məşədi İbad rolunun ifasına görə “Zirvə” Mükafatını qazandı. Bu yaxınlarda teatrımızda premyerası keçirilən dünya şöhrətli bəstəkar Qara Qarayevin musiqiləri və Xalq yazıçısı İlyas Əfəndiyevin eyni adlı əsəri əsasında hazrlanan “Mənim günahım” pyesində yenə də Akademik Milli Dram Teatrından Xalq artisti Şükufə Yusupova və Əməkdar artist İlham Hüseynov uğurla çıxış etdilər. Bizim teatrın artistləri də mütəmadi olaraq Opera və Balet teatrına dəvət olunurlar. Bu teatrda Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərində hazırda mənimlə yanaşı, teatrımızın aktyorları – Əməkdar artist Ələkbər Əliyev və başqa bir tamaşada aktyor Ağaxan Şərifov da çıxış edirlər. Buna qədər isə teatrımızın gənc aktrisası Türkel Şabanova Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunaraq çıxış etmişdi. Hazırda Dövlət Musiqili Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızı Sumqayıt Dövlət Dram Teatrında S. Ələsgərov və İ. Məlikzadənin “Toy olsun” əsərində məşq edir. Yeri gəlmişkən, qeyd edim ki, bu gün Opera və Balet Teatrının aparıcı solistləri sayılan Əməkdar artistlər İnara Babayeva, Fərid Əliyev, Afaq Abbasova, Ramil Qasımov da bizim Musiqili Teatrdan ora gediblər.

Əziz dostum Əliqismət Lalayev demişkən, yaşımızın bu vaxtında biz təkcə öz teatrımız barədə düşünməməliyik, nə iş görürüksə, Azərbaycan mədəniyyətinin, Azərbaycan teatrının inkişafı üçün etməliyik. Bizim xoşbəxtliyimiz Azərbaycan teatrının uğurlarındadır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!