“Xanəndənin taleyi” operası yeni quruluşda səhnələşdirildi
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Azərbaycan bəstəkarlarının ən dəyərli opera və balet tamaşalarına yeni səhnə həyatı vermək istiqamətində ənənəsini bu mövsümdə də davam etdirir. Belə ki, bu sıradan olan növbəti səhnə əsəri görkəmli bəstəkar, Xalq Artisti Cahangir Cahangirovun “Xanəndənin taleyi” operasıdır.
Frame.az xəbər verir ki, sənət ocağının 109-cu mövsümünün ilk premyerası sayılan bu səhnə əsəri oktyabrın 25-də teatrsevərlərə təqdim edilib.
Nümayişdən əvvəl səhnə əsərinin rejissoru, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev səhnələşdirdiyi opera ilə bağlı fikirlərini bizimlə bölüşüb.
O, bildirib ki, 1978-ci ildə qələmə alınan “Xanəndənin taleyi”ndə əslən Nardarandan olan Mirseyid Babayev adlı xanəndədən danışılır. Bu şəxsin möhtəşəm səsinin olmağına baxmayaraq, çox acınacaqlı həyat tərzinə malik biri kimi tanınıb. Milyoneri kimi məşhurlaşan Mirseyid Babayev sonradan xanəndəliyi özünə sığışdırmır. Nəticədə ölkəni tərk edir, Fransaya gedir. Orada da müflisləşir. Təsəvvür edin, bütün vallarını məhv edərək yerdə qalanları da baha qiymətə alıb sındırır ki, keçmişindən heç nə qalmasın. Bütün var-dövlətini itirir və Parisdə mağazaların birində bir valı qalır, onu almağa imkanı çatmır. Elə olur ki, Azərbaycandan gedən adamlar onu görürlər, tanıyırlar və həmin valı alıb ona verirlər. Sonucda o valda əlindən düşüb sınır. Sonra onu İrana gətirirlər, ömrünün axırınadək burada balaca çayxanada oxuyaraq pul qazanır. O, elə sənətkar olub ki, xarici ölkədə o vaxt valı çıxıb. Əsərin mahiyyəti budur ki, vətəninə və sənətinə sadiq olmayan kimsə hansısa nailiyyət qazana bilməz.
Yeni quruluşda səhnələşdirilən operada əsas partiyanı Əməkdar Artist İlkin Əhmədov canlandırıb. Həmçinin səhnə əsərində Xalq artistləri Fidan Hacıyeva və Gülyaz Məmmədova, Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Səbinə Vabahzadə, Fəridə Məmmədova, solistlər Tural Ağasıyev, Fəhmin Əhmədli və Tələt Hüseynov çıxış ediblər. Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb.
Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.
Qeyd edək ki, operanın ilk quruluşunda əsas partiyanı mərhum sənətkar, Xalq Artisti Baba Mahmudoğlu ifa edib.