Xarici media nümayəndələri və turoperatorlar Azərbaycanın ornitoloji turizm imkanları ilə tanış olub
Azərbaycanın ornitoloji turizm üzrə potensialının təqdim olunması məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən 8-13 noyabrda Böyük Britaniya, İsveç, Bolqarıstan və Cənubi Afrika Respublikasından olan media nümayəndələri və quş müşahidəsi üzrə ixtisaslaşmış turoperatorlar üçün tanıtım səfəri təşkil edilib.
Səfər zamanı xarici qonaqlar “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisində quşların Qafqaz dağları ilə Xəzər dənizi arasında 90 km uzunluğunda keçid yolunu əhatə edən “darboğaz”ı ziyarət edərək payız miqrasiyasını müşahidə ediblər.
Bundan əlavə, Azərbaycanda əsas quş müşahidəsi əraziləri kimi tanınan Şirvan, Qızılağac, Hirkan Milli Parkları, Mahmudçala gölü, Varvara su anbarı, Xızı dağları, eləcə də digər ərazilərə səfərlər həyata keçirilib, Azərbaycanda mövcud olan nadir quş növləri müşahidə edilib.
Proqram çərçivəsində səfər iştirakçıları üçün ornitoloji turizmlə bağlı təqdimatlar, həmçinin B2B formatlı görüşlər təşkil olunub.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət qoruğu və digər müvafiq ərazilərdə ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi və təşviqi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.