XV AVROPA GƏNCLƏR YAY OLİMPİYA FESTİVALININ KOMANDA İDMAN NÖVLƏRİNİN QRUPLARI BƏLLİ OLUB
16 aprel Bakı 2019 Avropa Gənclər Yay Olimpiya Festivalının komanda idman növləri üzrə yarışlarının qrupları müəyyənləşib.
Avropa Gənclər Yay Olimpiya Festivalında üç komanda idman növü üzrə yarışlar keçiriləcək – voleybol, basketbol və həndbol. Voleybol və basketbol yarışları üçün qrupların tərkibi ölkələrin müvafiq yaş qrupları üzrə yarışlarda göstərilən nəticələr əsasında əldə olunan reytinqlə müəyyən olunub. Buna görə də püşkatma yalnız həndbol yarışı üçün Avropa Həndbol Federasiyasının Vyana qərargahında keçirilmişdir.
“Bakı-2019”-da bütün üç komanda idman növləri üzrə yarışlar ümumilikdə səkkiz komanda arasında keçiriləcək.
Oğlanlar arasında voleybol yarışlarında, A qrupunda Azərbaycan milli komandası ilə bərabər, Almaniya, Rusiya, Belarus milli komandaları qələbə üçün mübarizə aparacaq. B qrupunda isə bu mübarizə Çexiya, İtaliya, Bolqarıstan və Belçika milli komandaları arasında baş tutacaq. Voleybol üzrə qızların mübarizəsində isə A qrupunda Rusiya, Bolqarıstan, Rumıniya və Azərbaycan, B qrupunda isə İtaliya, Türkiyə, Belarus və Almaniya milli komandaları yer alıb.
Basketbol üzrə oğlanların mübarizəsində A qrupunda Xorvatiya, Fransa, Serbiya və Azərbaycan millisi, B qrupunda isə İspaniya, Türkiyə, Yunanıstan və Litva milliləri yarışacaqlar. Qızların mübarizəsində A qrupunda İtaliya, Fransa, Rusiya və Belçika, B qrupunda isə Çexiya, Türkiyə, Macarıstan və Polşa milliləri yer alıb.
Püşkatmanın nəticələrinə əsasən oğlanlar arasında həndbol yarışında Azərbaycan millisi A qrupunda Danimarka, Almaniya, Serbiya milli komandaları ilə qələbə uğrunda mübarizə aparacaq. B qrupunda isə bu mübarizə İslandiya, Xorvatiya, Fransa və Sloveniya milli komandaları arasında baş tutacaq.
Həndbol üzrə qızların yarışında A qrupunda Fransa, Rumıniya, Niderland və İspaniya, B qrupunda isə Macarıstan, İsveçrə, Çexiya və Azərbaycan milliləri yarışacaqlar.
Qrupları şəkillərdə buradan görün.
Frame.az