IqtisadiyyatSosialTəqdimatƏn SonƏn Son

“YAŞAT” Fondu şəhid ailələrinin üzvlərini bu dəfə Ankarada bir araya gətirib

“YAŞAT” Fondunun, “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə şəhid ailələrinin üzvləri Ankaraya səfər ediblər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 30 Avqust – Zəfər Bayramı ərəfəsində və “Tək millət, tək ürək” şüarı ilə reallaşdırılan təşəbbüs sentyabrın 2-dək davam edəcək.

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və layihə iştirakçıları Heydər Əliyev Beynəlxalq Aeroportundan Ankaraya yola düşüblər.

Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Mətin Gürak şəhidlərimizin ailələrini qəbul ediblər. Ardınca şəhid ailələrinin üzvləri dördüncü korpus komandirinin nümayəndə heyəti ilə yemək masası ətrafında görüşüblər. Layihə iştirakçıları üçün “Cumhuriyyət Külliyesi” kimi tanınan Prezident Sarayına ekskursiya təşkil olunub. 134 müxtəlif dildə 4 milyondan çox kitab və 120 milyon elektron nəşr kolleksiyası ilə Türkiyənin ən böyük kitabxanası hesab edilən Prezident Kitabxanası ziyarət olunub. Həmçinin Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin rəsmisi Zafər Balıkçı şəhid ailələri ilə şam yeməyinə qatılıb.

Layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətlərinə, eləcə də Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!