“YAŞAT” Fondunun rəhbəri: “Zəfər” yarmarkasında Vətən müharibəsində istifadə olunmuş silah və texnikalar nümayiş etdirilir
“Zəfər” yarmarkasındakı silah və texnikalar 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz tərəfindən ərazilərimizin işğaldan azad olunmasında istifadə edilib.
Bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ müharibəsi qazisi Elvin Hüseynov “Zəfər” yarmarkasında jurnalistlərə açıqlamasında deyib.
Yarmarkada müxtəlif şirkətlərin məhsullarının təqdim olunduğunu qeyd edən Elvin Hüseynov bildirib: “Yarmarka 12 gün davam edəcək. Havanın yağışlı, çiskinli olmasına baxmayaraq, paytaxt sakinlərini və qonaqları geniş və zəngin proqrama malik yarmarkada iştiraka dəvət edirik. Yarmarkadan əldə olunan gəlir şəhid ailələri və müharibə əlillərinin təminatı üçün “YAŞAT” Fonduna ianə ediləcək”.
“YAŞAT”ın rəhbəri qeyd edib ki, bu günədək Fond tərəfindən 145 qazi müalicə üçün Türkiyəyə göndərib. Onlardan 103-ü müalicəsini tamamlayaraq Vətənə qayıdıb. Hazırda Türkiyədə 42 qazimizin müalicəsi davam etdirilir”.