“Yaşıl Marafon” layihəsi çərçivəsində əhaliyə ağac tingləri paylanılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində əhaliyə ağac tinglərinin paylanması kampaniyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Frame.az-a bildirilib ki, aprelin 3-də IDEA İctimai Birliyi, ETSN və “BRAVO” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Əhmədli qəsəbəsində yerləşən “BRAVO” hipermarketinə gələn alıcılara ağac tingləri hədiyyə edilib.
Tədbirin yekununda gənc könüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, “Yaşıl Marafon” layihəsinin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Layihə əkin mövsümü müddətində bir milyona yaxın ağac əkilməsini, yaşıllıq sahələrinin artırılmasını hədəfləyib.