Yeddi ay ərzində milli parkları 147 mindən çox turist ziyarət edib
Azərbaycanın milli parkları son illər daha çox məşhurlaşıb və parklara səfər bir ənənəyə çevrilib. 2022-ci ilin 7 ayı ərzində milli parkları 147 min 359 turist ziyarət edib. Gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də olub.
Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, ən çox turist qəbul edən milli parklarımız Göygöl, Şahdağ, Hirkan, Abşeron və Ağgöldür.
Xidmət rəsmisinin sözlərinə görə, turistlərin sayında müşahidə olunan artım insan-təbiət vəhdətinin qurulması istiqamətində aparılan ardıcıl maarifləndirmə işləri ilə yanaşı, sosial şəbəkələr üzərindən təbiətimizin foto və videolarda tərənnümünün, ekoturizmin təbliği istiqamətində tərəfdaşlarla birgə həyata keçirilən fəaliyyətin nəticəsidir.
“Biz bu gün xüsusilə vurğulaya bilərik ki, milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir”, – deyə A.Babayeva qeyd edib.