Zəfər Günü münasibətilə Bakıda keçirilən ikinci “Qələbə qaçışı” başa çatıb
Noyabrın 6-da Gənclər və İdman Nazirliyi ikinci “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirib. “Qürurla irəli” şüarı altında təşkil edilən qaçış müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ikinci ildönümünə həsr olunub.
Tədbirin əsas məqsədi Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirmək, şəhidlərimizi ehtiramla anmaq və qazilərimizə, onların ailələrinə əbədi minnətdarlığımızı ifadə etmək olub.
Qeyd edək ki, xeyriyyə tədbirindən toplanan vəsait şəhid ailələrinə yönəldiləcək.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Paralimpiya çempionu İlham Zəkiyevin “Start!” atəşindən sonra qaçış başlayıb.
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin qarşısından start götürərək 10 kilometrlik məsafəni qət edib və eyni məkanda finişə çatıblar. Amma qaydalara əsasən, iştirakçılardan bəziləri yarışı 3 kilometr və ya 5 kilometr məsafələrdə quraşdırılmış finiş xətlərində başa vurublar.
Qaçışın nəticələrinə əsasən, 10 kilometrlik məsafəni ilk qət edən Toğrul Məmmədli (33,14) olub. Elman Abışov (33,15) ikinci, Allahqulu Hüseynov isə (35,16) üçüncü yeri tutub.
Qadınlar arasında Anna Yusubova (34,19) finişə birinci çatıb. Yiliya Belkoca (43.03) ikinci, Rəbiyyə Orucova (44.41) isə üçüncü olub. Feyr-pley mükafatına qaçışın ən yaşlı iştirakçısı Tarverdi Əliyev (83 yaş) layiq görülüb.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazirin müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Məclisin deputatı Nigar Arpadarai və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev təqdim ediblər.
Tədbirin qaçış mərhələsi başa çatdıqdan sonra finiş zonasında maraqlı əyləncəli idman proqramı təşkil olunub. Burada urban (şəhər) idmanı master-klasları, maraqlı tədbirlər, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar iştirakçıların və sakinlərin böyük marağına səbəb olub. Bədii hissədə isə, tanınmış müğənni Çingiz Mustafayevin və DJ-lərin iştirakı ilə konsert proqramı baş tutub.