Aİ-nin Kənd Təsərrüfatı üzrə Biznes Missiyası Lənkərana səfər edib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Lənkəran şəhərinə kənd təsərrüfatı üzrə Biznes Missiyası təşkil edib. Aİ Biznes Missiyası Aİ şirkət nümayəndələrindən və diplomatik nümayəndəliklərin təmsilçilərindən ibarət olub.

Frame.az xəbər verir ki, Biznes Missiyasında iştirak edən Aİ Nümayəndəliyinin təmsilçisi Rainer Freund jurnalistlərə açıqlamasında bildirib ki, biznes missiyasının əsas məqsədi Lənkəranda kənd təsərrüfatı sektorunun investisiya imkanlarını araşdırmaq, eləcə də həmin regionda kənd təsərrüfatının hazırkı inkişaf istiqamətləri haqqında məlumat əldə etməkdir.

“Aİ-nin yardımı ilə daha da dəstəklənə biləcək inkişaf imkanlarını və aqrobiznes sahəsində fəaliyyət göstərən Aİ şirkətlərinin marağı çərçivəsində olan xüsusi investisiya imkanlarını araşdırmaqdan məmnunluq duyuruq. Lənkəran iqtisadi regionu qarşıdan gələn “Azərbaycanda Lənkəran regionu üçün Aİ” fəaliyyət proqramının əsas mövzusunu təşkil edir. Proqram digər tədbirlər ilə yanaşı, tətbiqi kənd təsərrüfatı üzrə tədqiqatların inkişafı və sektorda fəaliyyət göstərən bazar iştirakçılarının əməkdaşlıq təşəbbüslərinin təşviqi vasitəsilə meyvə və tərəvəz sektorunun rəqabət qabiliyyətini artıraraq regionun iqtisadi potensialını gücləndirməyi hədəfləyir”.

Qeyd edək ki, biznes səfəri çərçivəsində yerli dövlət qurumları, Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və bir sıra aparıcı aqrobiznes şirkətləri ilə görüşlər keçirilib. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən ilkin görüşdə Lənkəranda kənd təsərrüfatı sektoruna dair təqdimat keçirilib və iştirakçılara elektron xidmətlər və innovativ texnologiyalar barədə məlumat verilib. Daha sonra İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsinin rəhbəri cənab Çingiz Əhmədovun iştirakı ilə bölgənin iqtisadi vəziyyətinə baxış keçirilib. O cümlədən, səfər çərçivəsində Astara Çay MMC şirkəti ilə görüş təşkil edilib. Görüş zamanı iştirakçılar şirkətin ümumi fəaliyyəti barədə məlumatlandırılıb, çay emalı və qablaşdırma zavoduna ekskursiya təşkil olunub və əməkdaşlıq imkanları müzakirə olunub. Biznes Missiyasına həmçinin, Gilan Aqro Sitrus, Lənkəran Konserv zavodu və Lənkəran Çay Fabriki ilə görüşlər daxil olub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: