Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda “Şərəf adı” medalına layiq görülüb

Azərbaycanlı rejissorun “Edam günü” və “Şollerin arxivi” filmləri Braziliyada “FILMÓPTICO” beynəlxalq vizual sənət və film festivalı tərəfindən seçilib. “Şollerin arxivi” bədii filmi həm də festivalın “Şərəf adı” medalına layiq görülüb.

Bu barədə “Şollerin arxivi” bədii filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

O deyib: “Azərbaycan mədəniyyətini, dəyərlərini dünyada tanıtmağımla qürur duyuram. Bu, təkcə mənim yox, bütövlükdə mədəniyyətimizin uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa ölkəmizin təbliği işinə töhfə verməlidir”.

Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.

Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: