Leykemiyalı uşaqlar üçün “Qəddar Leykoz və cəsarətli Şahzadə” tamaşası nümayiş olunub

Martın 3-də “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xeyriyyə tədbiri keçirilib.
Frame.az xəbər verir ki, tədbirin məqsədi ağır qan xəstəliyi olan leykozlu uşaqları əyləndirmək, onların istirahətini təşkil etməkdən, köməyə ehtiyacı olan leykemiyalı balacaların dərman preparatları ilə təmin olunmasından ibarət idi.
Xatırladaq ki, leykemiya xəstəlik sümük iliyində tam yetişməmiş və funksional cəhətdən qeyri-aktiv leykositlərin həddindən artıq çoxalması ilə müşahidə olunur, bu isə öz növbəsində normal qanyaranma mexanizminin pozulmasına və nəticədə qanda sağlam leykositlərin, eləcə də sağlam eritrositlərin, trombositlərin defisiti ilə nəticələnir. El arasında leykoz “ağ qanın qırmızı qanı yeməsi” xəstəliyi kimi tanınır.
“Leykemiya (qan xərçəngi) ilə mübarizə ayı” çərçivəsində təşkil edilən növbəti tədbir xəstəlik haqqında videoçarxın nümayişi ilə başlanıb. Leykemiya və təşkilatın gördüyü işlər haqqında məlumat veriləndən sonra xəstəlikdən sağalan və hemofiliyalı uşaqların iştirakı ilə rejissor Ələkbər Əliyevin səhnə həyatı verdiyi “Qəddar Leykoz və cəsarətli Şahzadə” tamaşası nümayiş olunub.
Tamaşadan sonra çıxış edən təşkilatın sədri Mehriban Bağırova tədbirin təşkil edilməsində kömək edənlərə minnətdarlığını bildirib. Tamaşada çıxış edən uşaqlara və teatrın rəhbərliyinə diplom və hədiyyələr verilib.
Könüllülərin hazırladığı videoçarx nümayiş olunandan sonra tədbirin ikinci hissəsi incəsənət ustalarının konsert proqramı ilə davam edib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: