Əliyar Əliyev küçəsində yenidənqurma işlərinə başlanılıb
Paytaxt ərazisində yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, piyada əlçatanlığının təmin olunması istiqamətində görülən işlər davam etdirilməkdədir. Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən hazırlanmış layihə əsasında növbəti belə yenidənqurma işlərinə Əliyar Əliyev küçəsində başlanılmışdır. Görülən işlər adıçəkilən küçədə aşağıda göstərilmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
Hərəkətin kanallaşdırılması məqsədilə “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzinin önündəki mövcud dairə ləğv edilərək yeni nəqliyyat adacığı inşa olunacaq;
Nəqliyyat axınına maneə yaratmayacaq formada yeni “cib” tipli parklanma yerləri yaradılacaq;
Piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması üçün eyni səviyyəli piyada keçidlərinin önündə xüsusi çıxıntılar inşa olunacaq;
Əliyar Əliyev küçəsindən Təbriz küçəsinə dönmək istəyən nəqliyyat vasitələri üçün əlavə sola dönmə zolağı təşkil ediləcək;
Sərnişindaşımalarda xidmət səviyyəsinin yüksəldilməsi üçün avtobus dayanacaq məntəqələrinin yerləri optimallaşdırılaraq yeni dayanacaq pavilyonları quraşdırılacaqdır.
Ən əsası isə Agentliyə barəsində ən çox şikayət daxil olan yol sahələrindən biri olan Əliyar Əliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində hərəkət yenidən təşkil ediləcəkdir. Belə ki, layihə çərçivəsində həmin kəsişmədə nişanlanma xətləri vasitəsilə çəkilmiş adacıq ləğv edilərək yeni nəqliyyat adacığı inşa olunacaqdır. Həmçinin, “Çermet körpüsü”nün altnda hərəkət bir istiqamətli təşkil edilərək sürücülər arasında yaranan çaşqınlıq aradan qaldırılacaq, bunun sayəsində hərəkətin təhlükəsizliyi artacaqdır.