Ən uğurlu əsərlərini yuxusunda görən rəssamı siz də tanıyın
Gənc rəssam Fidan Kim ölkəmizdə və xaricdə keçirilən çoxsaylı sərgilərin iştirakçısıdır, o cümlədən: Carrousel du Louvre Art Shopping festivalı (Paris), İdeya təşkilatı tərəfindən keçirilən Live Life sərgisi (Moskva, Tiflis), 6-cı Beynəlxalq Qız Qalası festivalı (Bakı).
Həmçinin o, Heydər Əliyev fondu, Avropa oyunları-2015, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Arts Council təşkilatı və UNESCO-nun təşkil etdiyi layihələrdə fəaliyyət göstərib.
İtaliya, İngiltərə, Gürcüstan və ABŞ-da keçirilən incəsənət ustad dərslərində iştirak edib.. “Uşaqlığın son gecəsi” (2013) və “Paradokslar” (2014) adlı iki fərdi sərgisi Müasir İncəsənət Mərkəzində keçirilmişdir. Milli İncəsənət Muzeyində keçirilən “Art Rising” sərgisinin kuratoru və iştirakçısıdır. Rəngkarlıqla yanaşı keramika, şüşə üzərində naxış sənəti və kitab illüstrasiyası ilə məşğul olub.
Erkən yaşlarından sənət ilə məşğul olan Fidan çox vaxt kağız üzərində mürəkkəb ilə eskizlər edirdi. Beləliklə o, “Sirlər” adlı qrafika üslubunda rəsmlər silsiləsini yaratdı. Hər bir rəsm fərqli personajlar və süjetlər ilə zəngin idi. Sonradan o, bu eskizləri kətan üzərinə keçirtməyə başladı. Kətan üzərində qrafika, oriyentalizm və sürrealizm üslublarını birləşdirdi. Əsərlərində ornamentlərdən və miniatüralardan istifadə edir. Onun yaradıcılığında ən böyük ilham mənbəyi yuxulardır. Rəssamın fikrincə, ən uğurlu əsərlərini yuxuda görüb.
24 yanvar, 19:00
Giriş sərbəstdir
Frame.az