Əməkdar artist Qoçaq Əsgərov Bəhreyndə konsert verəcək
Martın 4-də tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov Bəhreyndə konsert proqramı ilə çıxış edəcək. Konsertdə milli mahnılarımızla yanaşı, muğam və təsniflər də səsləndiriləcək. Bu barədə Frame.az-a xanəndə özü məlumat verib.
Qoçaq Əsgərov deyib: “Bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təqdim etdiyimiz konsert uğurlu oldu. Konsert çərçivəsində “Şur” muğamını ifa etməyim zalda böyük çoşqu ilə qarşılandı. Konserti izləyənlər arasında ərəb şeyxi və səfirliyimizin nümayəndələri də var idi. Konsertdə çoxsaylı musiqi janrları üzrə vokalist Pyer de Tregomən ilə mən ənənəvi muğam və açıq improvizasiyalardan ibarət orijinal repertuar təqdim etdik. Ümid edirəm ki, fransız həmkarımla birlikdə budəfəki konsertimiz də möhtəşəm alınacaq. Konsertdə bizi İbrahim Babayev (tar), Elnur Mikayılov (kaman), Əməkdar artist Kamran Kərimov (nağara) müşayiət edəcək”.