EventsMusiqiMədəniyyətTəqdimat

Engelbert xalq artisti Eminin konsertində

Xəbər verdiyimiz kimi iyulun 21-də “Sea Breeze “Şöhrət Xiyabanı” (“Walk of Fame Sea Breeze”) ulduzlar xiyabanının açılışı baş tutub. İlk Ulduz Dünya şöhrətli Britaniyalı müğənni Engelbert Hamperdinkin adına oldu.
Bu tədbirlə əlaqəli olaraq Engelbert Hamperdink Bakıya təşrif buyurmuş və Azərbaycanın xalq artisti Emin Ağalarovun konsertində onun da çıxışı planlaşdırılmışdır.

EMİN-in hər bir konsertində sevimli mahnıların canlı ifası, tamaşaçı ilə sürprizlərlə dolu səmimi ünsiyyəti möhtəşəm bir atmosfer yaradır. Bu dəfə də konsert böyük bir anşlaqla keçdi. Komandasının mövcud olduğu 15 il ərzində EMİN dünyanın müxtəlif ölkələrində 600-dən çox verdiyi konsertlərin 50-dən çoxu Azərbaycanda keçirilib. Bu da təbii ki, onun doğma torpağına və Azərbaycanlı tamaşaçısına olan məhəbbətindən xəbər verir.
Bu yay Sea Breeze-də verdiyi konsertdə Eminin yaxın dostlarından olan Britaniyalı müğənni Engelbert Hamperdink qonaq oldu. EMİN-in dediyinə görə, onun otağının divarında həmişə Elvis Presli, Müslüm Maqomayev və Engelbert Humperdink kimi məşhur ifaçıların portretləri asılıb. Və onun üçün dünya şöhrətli sənətkarla eyni səhnədə çıxış etmək böyük xoşbəxtlik və arzusunun reallaşması deməkdir.

Yeri gəlmişkən, britaniyalı ifaçı Bakıdakı çıxışına görə simvolik 1 dollar istəyib və EMİN bu pulu ona öz avtoqrafı ilə təqdim edərək bildirib ki, bundan sonra bu dollarla həmişə Sea Breeze Resort-a gəlib bütün xidmətlərdən məhdudiyyətsiz istifadə edə bilər.

Engelbert Humperdink 50 ildən çox davam edən karyerası ərzində bütün dünyada milyonlarla pərəstişkarının qəlbini fəth etmişdir. O, 64 qızıl və 35 platin albom da daxil olmaqla, 140 milyondan çox səs yazılarını satıb və nüfuzlu mükafatların laureatıdır. Engelbert Humperdinck musiqi səhnəsinə The Beatles və The Rolling Stones qrupları ilə eyni vaxtda çıxmışdır və onun Elvis Presli ilə monolit dostluğu var idi – iki əfsanə tez-tez bir-birinin mahnılarını ifa edirdi. Məhz buna görə də konsertdə rok-n-roll kralı Elvis Preslinin EMİN-in yeni ingilisdilli albomuna daxil ediləcək bəstələri də səsləndirildi.

“On ildən artıq dostluq illəri ərzində mən Engelbert Humperdinkin necə heyrətamiz insan və şəxsiyyət olduğunu gördüm”, – Emin Ağalarov bildirərək, qeyd etdi ki, gələn il britaniyalı əfsanə yenidən Bakıda möhtəşəm bir şou ilə çıxış edəcək.

Ənənəvi olaraq, EMİN dahi Müslüm Maqomayevin şah əsəri olan “Синяя вечность” əsərini ifa etdi.

“Deyirlər ki, mənə musiqini Müslüm Maqomayev öyrədib, amma bu belə deyil. Mən onun mahnılarını dinləyərək musiqini qavrayıb, öyrənmişəm. O mənə həyat dərsi verdi. Bu gün həyatımdakı bütün vacib qərarları Shore House Baku-da yerləşən Müslüm Maqomayev adına otaqda verirəm. Nardaranisə mənim evimdir, mən burada doğulub böyümüşəm və xoşbəxtəm ki, bu sahili bir az da gözəlləşdirə bilmişəm. Bütün bunları sizin üçün qururam!” – musiqiçi bildirib.

EMİN-in anası İrina Ağalarovaya həsr etdiyi “Sağ ol, ana” kompozisiyasının ifası çox təsirli oldu. Mahnı bitdikdən sonra Gəncədən olan tamaşçılardan biri özünün şüşə mozaika formatında hazırladığı hədiyyəni EMİN-ə təqdim etdi. Lövhədə ana və oğulun təsviri həkk olunub.

Konsertin sonunda isə “Azərbaycanım” (“Мой Азербайджан”) mahnısını ifa etməzdən əvvəl, EMİN Azərbaycanın bütövlüyü uğrunda Qarabağ müharibəsində canından keçən şəhidlərimizi yad edərək, dedi: — ““Mən azərbaycanlıyam və ölkəmi dəlicəsinə sevirəm. Xalqımız birləşdi, əsgərlərimiz Azərbaycan uğrunda canlarından keçdi. Elə valideynlər var ki, biz yaşayaq deyə övladını itirib. Bu mahnını Vətən uğrunda canından keçənlərə həsr edirəm. Yaşa və çiçəklən, əziz Azərbaycan! İstəyirəm ki, ölkəmizin hər bir vətəndaşı xoşbəxt olsun!”.

Tamaşaçılar müğənnini ayağa qalxaraq alqışladılar və gecə gözqamaşdırıcı atəşfəşanlıqla yekunlaşdı.

Konsertdən sonra britaniyalı qonaq Bakını gəzib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!