IdmanTəqdimat

Crocus Fitness Sabah’da Yunan-Roma güləşi üzrə əfsanəvi çempion Rafiq Hüseynovun master-klassı keçirilib

Görüşün xüsusi qonağı qadın güləşinin canlı əfsanəsi, idman tarixində dörd Olimpiya Oyunlarında medal qazanan üç qadından biri Mariya Stadnik olub.
Ənənəyə uyğun olaraq sual-cavab ilə başlayan görüşdə Rafiq Hüseynov qazandığı uğurlardan, qələbələrdən, idmanda nizam-intizamın vacibliyindən danışdı. Çempion, aralarında çoxlu gənc güləşçilərin də olduğu master-klassın iştirakçılarına dəyərli məsləhətlər verdi, düzgün inkişafın istiqamətlərini izah etdi.
Rafiq Hüseynov etiraf etdi ki, onun həyatda əsas motivasiyası atası, Azərbaycanın əməkdar məşqçisi, polis polkovniki Radik Hüseynovdur. Çünki məhz onun nəzarəti altında adını dünya idman tarixinə yazmağı bacarıb:
“1995-ci ildən onunla, sözün əsl mənasında, zalı tərk etmirik. Atam bütün həyatını mənə həsr edib. Onun iradəsi və peşəkarlığı qarşısında baş əyirəm”.
İkiqat dünya çempionu, üçqat Avropa çempionu, dünya kubokunun qalibi Rafiq Hüseynov, intellektual və şəxsi inkişafın vacibliyinə toxunaraq, gənc həmkarlarına xarici dilləri əzmlə öyrənməyi, məktəbdə yaxşı oxumağı, vətənlərinin tarixi ilə maraqlanmağı tövsiyə edib:
“Gələcəkdə bəziləriniz beynəlxalq arenada vətəninizin bayrağını qaldıracaqsınız. Belə hallarda sadəcə yaxşı idmançı olmaq kifayət etmir. Ona görə də təkcə idman zalında deyil, həmçinin təhsildə də özünü inkişaf etdirmək çox vacibdir” – deyə Hüseynov bildirib.
Hüseynov, rəqibləri ilə güləşərkən ən çox istifadə etdiyi fəndlərdən birinin “tərs atış” olduğunu qeyd edib.
Çempion, master-klassın  praktiki məşğələsi zamanı dəqiq və peşakarcasına icra edilərək ona tatamidə dəfələrlə qələbə qazandıran bu fəndi nümayiş etdirdi.
Sonda Rafiq Hüseynov “Crocus Fitness Glory Museum” üçün güləş ayaqqabılarını imzaladı, tədbirin bütün iştirakçılarına avtoqraf verdi və hamı ilə xatirə şəkli çəkdirdi.
Çempion ən yaxşı suala görə mükafatı məşhur bakılı multiatletçisi Artem Əliyevə verib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!