Yer kürəsi, Azərbaycan, Ekologiya və biz!
Müasir dünyada kəskin qlobal iqlim dəyişiklikləri bütün bəşəriyyətin aktual mövzusuna çevrilir.
Dünya içtimaiyyəti qarşısında yaranmış yeni qlobal çağırışlar necə ifadə olunur?
Qlobal istiləşmə, buzlaqların əriməsi, quraqlığın artması, səhralaşmanın davam etməsi, istixana (parnik) effektinin ortaya çıxması, ozon dəlikləri və bir çox başqa kimi problemlər bəşəriyyətin əsl bəlasına çevrilir. Əgər əvvəllər iqlim dəyişikliyi qasırğalar, sunami, zəlzələlər, asteroidlərin düşməsi, Yer kürəsinin maqnit sahəsinin pozulması kimi təbii hadisələr nəticəsində baş verirdisə, indi isə daha çox insan faktoru mənfi təsir göstərir.
“Homo sapiens”in fəaliyyəti nəticəsində təbiət qanunları pozulur və bu da insanın özü üçün fəlakətli nəticələrə səbəb olur. Yaşayış yerləri təhlükə altında qalır (meşə yanğınları, dəniz sahillərinin su basması, antisanitariya, ətraf mühitin çirklənməsi və s.), insanların sağlamlığı pozulur (müxtəlif onkoloji, ürək-damar, diabetik, nevro-psixoloji xəstəliklərin sayı artır), insan fəaliyyəti nəticəsində əmələ gələn texnogen fəlakətlərin sayı artır. Bütün bu faktlar, təəssüf ki, insan cəmiyyətinin daxilində (cəmiyyətin radikallaşması, inqilabların və müharibələrin baş verməsi) fəlakətli nəticələrə səbəb olur.
Yuxarıda göstərilən təbii və texnogen fəlakətlərin səbəblərini nəzərdən keçirmədən əvvəl, yerin qısa tarixini, inkişafını və üzərində ilk sivilizasiyaların meydana gəlməsini xatırlayaq.
Planetimiz bütün kainatda unikal dünyalardan biridir, çünki bizim kimi oxşar ekosistemlərə sahib olan bir planet tapmaq çətindir. Yer kürəsinin ekologiyası özünü təmin edən sistemlərdən biri hesab olunur, eyni zamanda o çox kövrək bir substansiyadır. Onun sayəsində müxtəlif mənfi xarici (super asteroidlərin düşməsi) və ya daxili amillərin (qütblərin dəyişməsi, buz dövrləri) müdaxiləsinə baxmayaraq, bütün canlılar yer üzündə inkişaf edir. Bəşəriyyətin yaranmasına kömək edən başlıca faktor Yer kürəsi ekologiyasının əlverişli şəraiti olub. Beləliklə, yer bəşəriyyətin evinə çevrilir.
Tezliklə, son buzlaşmadan sonra (təbii fəlakətlərdən biri) bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. O, yeni dünyasını yaradaraq qürurla ibtidai dünyadan çıxır. Təəssüf ki, ilk insan icmaları onların tarixi gedişatına təsir edən , müxtəlif mənfi iqlim dəyişiklikləri və təbii hadisələrlə qarşılaşırdı: quraqlıq səbəbindən dövlətlərin süqutu (Mitanni, Maya şəhər dövlətləri), zəlzələ, sunami və vulkan püskürmələri nəticəsində şəhərlərin məhv olması (Pompey, Krit sivilizasiyası), 4-7-ci əsrlərdə “xalqların böyük köçü”nə gətirib çıxaran iqlim soyuqluğu, İncildə Nuh peyğəmbər haqqında süjetlərin yaranması səbəbi olan böyük daşqını misal çəkmək olar.
Gördüyümüz kimi, fərqli təbiət hadisələri və iqlim dəyişikliyi bəşər tarixinə və inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.
Ancaq 20–ci əsrdən başlayaraq Yer üzündə böyük dəyişikliklər başlandı: təbii iqlim dəyişikliklərinə süni dəyişikliklər – mənfi insan fəaliyyətinin nəticəsi əlavə edildi.
Qazanc əldə etmək üçün insan nəticələr barədə düşünmədən Yer kürəsinin ehtiyatlarını yırtıcı şəkildə məhv edirdi. Əhalinin daha da artması isə təbii sərvətlərin çatışmazlığına səbəb oldu. Bu problemləri həll etmək üçün insanlar müxtəlif vasitələrə müraciət etdilər: kimyəvi maddələrlə məhsuldarlığı artırmaqla və ya sənaye üsulu ilə hazırlanmış müxtəlif kimyəvi məhsullardan olan məişət əşyalarının kütləvi istehsalının genişlənməsi. Ancaq tezliklə bu miqyas ətraf mühit problemini daha da gərginləşdirdi.
Dünyada maşın və sənaye obyektlərinin çox olması səbəbindən atmosferə külli miqdarda karbon qazının atılması, meşələrin azalması, ətraf mühitin fasiləsiz çirklənməsi istixana (parnik) qazlarının artmasına və ozon qatlarının azalmasına səbəb oldu. İnsan fəaliyyətinin bu cür hərəkətləri onun bu planetdə mövcudluğunu təhlükə altına saldı. Bu səbəbdən 1997-ci ildə əksər ölkələr istixana (parnik) qazlarının miqyasını məhdudlaşdırmağa və azaltmağa, həmçinin iqlim dəyişikliyini izləməyə məcbur edən Kioto protokolunu imzaladılar. İldən-ilə bir çox dövlətlər, eləcə də beynəlxalq təşkilatlar ətraf mühitin qorunması problemlərini həll etmək üçün görüşlər və konfranslar keçirirlər.
Bəs Respublikamızda ekologiya ilə bağlı hansı problemlər mövcuddur? Əfsuslar olsun ki, Azərbaycan iqlim dəyişikliyi və ətraf mühit ilə bağlı problemlərdən kənarda qalmayıb. İçməli su ilə bağlı problemlər, Xəzərin kritik su səviyyəsi, insanlar arasında müxtəlif növ xəstəliklərə səbəb olan şirin su mənbələrinə çirkab suların axması dövlətimiz üçün əsas məsələlərə çevrildi. Yuxarıda göstərilən problemlərə torpaqların şoranlığı, meşələrin azalması, nadir heyvan və quş növlərinin yox olması, alternativ enerji mənbələrinin axtarışı, suvarma üçün yeni torpaqlardan istifadə mövzusunu əlavə etsək, cəmiyyətimiz qarşısında duran həll olunmamış problemlər kompleksini görəcəyik.
Azərbaycan üçün əsas problem, xüsusilədə ölkənin quraq bölgələrində suyun çatışmamazlığı, axtarışı və ondan səmərəli istifadə edilməsidir. Bu məqsədlə artezian quyularının sularından istifadə etməyi və aşkar edilmiş su mənbələrinin ətrafında çoxsaylı bağlar və istixanalar (parniklar) salmağı təklif edirəm. Bundan əlavə, kanalların və kiçik çayların üstünə buxarlanmanın qarşını almaq üçün günəş panellərinin quraşdırılmasını təklif edirəm. Yəni bu təkliflə iki problemi həll olunacaq: alternativ enerji əldə edəcəyik , suyu buxarlanmadan qoruyacağıq və bununla da şirin suya qənaət edəcəyik. Su axtarışı ilə bağlı başqa bir həll Xəzər sahili boyunca bir neçə duzsuzlaşdırma stansiyaların inşasını təklif edirəm. Bunun sayəsində min hektarlarla olan dəniz qırağı quru ərazilər məhsuldar olacaq və yerli əhali əlavə içməli su mənbəyi əldə edəcək. Həmçinin təklif edirəm ki, bütün Azərbaycan ərazisində meşələrin salınması artırılsın. Respublikamızın ərazisinin təxminən 9-10 faizi meşələrdən ibarətdir. Əlavə əkinlərlə meşə sahəsini ən azı 20 faizə qədər artırmaq lazımdır. Vacibdir ki, Azərbaycanın hər bir rayonunda meşəliklər on minlərlə hektar artırılsın. Bu tədbir, ölkənin ekoloji təhlükəsizliyinin səviyyəsini artıracaq.
Əkin sahələrini artırmaq üçün dağlarda pilləli əkinçilik sistemini yaratmağı təklif edirəm. Məsələn, Çinin və Cənub-Şərqi Asiya ölkələrinin bir çox yerində münbit dağların torpaqları laylara bölünür və həmin laylarda yeni kənd təsərrüfatı mədəniyyəti yaranır. Bu cür tədbirlər bir çox məhsulun becərilməsini artıracaq və ölkənin ərzaq təhlükəsizliyini gücləndirəcək.
Ətraf mühitin təmizlənməsi və yaşıllaşdırmanın həlli yolu kimi, təbiətimizə bambuk kimi yeni bir ot bitkisi növünün gətirilməsini təklif edirəm. Xüsusi qulluq tələb etməyən bu bitki qeyri–adi dərəcədə sürətlə böyüyür (gündə bir neçə onlarla sm.), sıx yaşıllıqlar əmələ gətirir, quraq və bataqlıq ərazilərdə asanlıqla böyüyə bilər. Bundan əlavə, bambukdan bir çox fayda əldə etmək olar: ondan tikinti materialı və kağız alınır, gövdələrdən xüsusi parçalar hazırlanır ki, bu da toxuculuq sənayesinin inkişafına təkan verə bilər, həm də tibbdə və kosmetologiyada istifadə olunur. Üstəlik bambuk meşələri təbiətə xüsusu estetik gözəllik verir. Bu səbəbdən bambukun əkilməsi ölkənin ekologiyasına və iqtisadiyyatına böyük fayda verə bilər.
Sonda əlavə etmək istəyirəm ki, ölkənin ekologiyası ilə bağlı müxtəlif problemləri həll etmək üçün cəmiyyətlə daha sıx işləmək lazımdır: məktəblərdə və universitetlərdə seminarlar keçirmək, mediada və TV-də təbiətin qorunmasını təbliğ etmək, ağac əkmək və ya çirklənmiş əraziləri təmizləmək üçün iməcilik təşkil etmək. Çünki vətənə sevgi təbiəti və sahib olduğumuz sərvətləri qorumaqdan başlayır. Axı bizim sahib olduğumuz sərvətlər az deyil – tarlalarımız, çaylarımız, göllərimiz, meşələrimiz, çöllərimiz, şəhərlərimiz, kəndlərimiz. Bütün bu sərvətləri biz gələcək nəsillərə çatdırmalıyıq. Bunun üçün ətraf mühiti təmiz saxlamaq və qorumaq kifayətdir. Bu, vətən sevgisinin təzahürlərindən biridir.
Ümumilikdə belə bir nəticəyə gələ bilərik ki, ekologiya hər şeyə və ilk növbədə özünə olan sevgidir.
@@@@
Bu məqalə İsveçrə İnkişaf Agentliyi tərəfindən dəstəklənən “Azərbaycan: vətəndaşların qlobal istiləşmə ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanıb.
Layihənin icraçısı Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondudur.