Baku Shopping Festival

Bakı Şopinq Festivalının yekunları

2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq Festivalı keçirildi. Təkcə ölkəmizdə deyil, bölgədə və keçmiş MDB məkanında ilk dəfə təşkil edilən bu Festival Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş turizmin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq icra edildi.

Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi yolu ilə həyata keçirilən bu əhəmiyyətli və perspektivli layihə ilk dəfədən etibarən, ölkəmizdə turizmin inkişafı, oxşar festivalların təşkil olunduğu şəhərlərlə rəqabətə davamlılıq, dövlətlə özəl sektorun tərəfdaşlığı, ticarətin, xüsusən də pərakəndə satışın genişlənməsi baxımından uğurlu oldu.

Festival yerli sahibkarlığın, turizm və ticarətin inkişafı baxımından effektiv olmaqla yanaşı, Azərbaycan vətəndaşlarının da xarici turistlərə şamil olunan ƏDV qaytarılması sistemindən yararlanmasına da şərait yaratdı. Qeyd edək ki, yerli əhaliyə ƏDV qaytarılması proqramı dünyanın heç bir ölkəsində analoqu olmayan güzəştdir. Bütün bunlara görə də, öz unikallığı ilə seçilən Bakı Şopinq Festivalı gələcəkdə hədəf bazarı uyğun məhsullarla təmin etmək, alıcıların tələbatının və şopinq vərdişlərinin nəzərə alınmasını planlaşdırır.

Festivalın təşkilatçısı olan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Azərbaycan Konqreslər Bürosunun məlumatına əsasən, festival müddətində əldə edilən nəticələr uğurludur. Belə ki, aprel ayı ərzində Azərbaycana 187,577 turist daxil olub. 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 23% artım var. May ayının ilk 10 günündə isə 70,776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32% artım olub.

İlk festival müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarma proqramına qoşulub. Festivalın Tax Free sistemi çərçivəsində 23,242 ədəd hesab-faktura verilib. Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18 milyon 167 min 892 manat olub və banklar alıcılara 1 milyon 800 min manatan məbləğində ƏDV qaytarıblar.

Festival aylığı ərzində alıcılar 30-70% arası endirimlərdən və satış kampaniyalarından faydalanıblar. Festival iştirakçılarından əldə edilmiş məlumatlara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin aprelində premium geyim və aksesuarlar mağazalarda 15%-dək, kütləvi geyim brendlərinin satışını həyata keçirən mağazalarda 46%-dək, elektronika və məişət avadanlıqlarının satışını həyata keçirən mağazalarda 200%-dək satış həcminin artması qeydə alınıb.

Festivalın marketinqi, dünya mediasında işıqlandırılması və təbliğatı sahəsində də mühüm işlər görülüb. Belə ki, Azərbaycan da daxil olmaqla, ümümlikdə, 54 ölkədə TV, radio, mətbuat, onlayn media, sosial şəbəkələr və internet televiziyası vasitəsilə məlumat yayılıb. Xüsusi olaraq, sosial şəbəkələrdə, Facebook, İnstaqram, Twitter və VKontakte kanallarında festival barədə informasiyaları milyonlarla insanlar izləyib və bunlardan daha çoxu Rusiya, Səudiyyə Ərəbistanı, Azərbaycan, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, BƏƏ, Oman və Qətərdə qeydə alınıb.

Festival çərçivəsində ticarət mərkəzlərinin ərazisində, İçərişəhərdə, Sabir bağında və şəhərin digər görkəmli yerlərində təşkil edilmiş müxtəlif tədbirlərdə 200 minə yaxın ziyarətçi iştirak edib.

Bütün bu görülən işlər Azərbaycanın mədəni və tarixi irsini, potensialını dünyaya təbliğ edəcək və nəticədə Bakı, eləcə də ölkəmizin digər bölgələrinin turizm imicini gücləndirəcək. Nəticədə, festivallar ölkəyə gələn turistlərin sayını artıracaq, pərakəndə ticarət, turizm xidmətləri, otelçilik, nəqliyyat və digər sahələrin inkişafına təkan verəcək. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!