QADINLARIN MİLLİ BİZNES GÜNDƏLİYİ REGİONLARDA TƏQDİM OLUNUR
Azərbaycan Kənd Qadınları Assosiasiyası USAİD Özəl Sektorun İnkişafı Layihəsinin dəstəyi ilə yaradılmış Qadınların Milli Biznes Gündəliyi – QMBG platformasında özünün 50 Qadın İnkişaf və Müəssisə Qrupu və 12 İstehsal-İstehlak Qadın Kooperativi üzvləri ilə xüsusi yer tutur.
QMBG Platforması ölkədə fəaliyyət göstərən qadın təşkilatlarının iştirakı ilə yaranıb. Platformada öz ictimai inkişaf maraqlarını birləşdirərək bir araya gəlmiş 9 qadın təşkilatı sosial və iqtisadi sahədə qadınların fəaliyyətini dəstəkləmək məqsədi ilə 3 istiqamətdə öz tövsiyələrini cəmiyyətə təqdim etmişdir:
1) Sahibkar qadınlara dəstək;
2) İşçi qüvvəsində qadınlara dəstək;
3) Gender aspektlərini nəzərə alan dəstək mexanizmlərinin hazırlanması.
Platformanın tövsiyə sənədini hazırlayan qadın təşkilatlarından biri olan Azərbaycan Kənd Qadınları Assosiasiyası kənddə yaşayan fermer və sahibkar qadınlara dəstək istiqaməti üzrə Beyləqan, Lənkəran və Balakən Rayon İcra Hakimiyyətlərində Dəyirmi Masa görüşləri keçirib. Görüşlər zamanı İcra Hakimiyyətlərinə Assosiasiyanın fəaliyyəti, fermer qadınlara göstərilən dəstək və görüş keçirilən rayonların kəndlərində qadın sahibkarlığının inkişafı ilə bağlı görülən işlər barədə məlumat verilib.
Rayon İcra Hakimiyyətlərində keçirilən QMBG tövsiyə sənədinin Dəyirmi Masa müzakirələri zamanı Azərbaycan Kənd Qadınları Assosiasiyasının üzvləri olan 50 Qadın Qrupu haqqında hazırlanıb çap olunmuş “Pıçıltılardan Səslərə…” kitab-kataloqu da təqdim olunub.