EkologiyaFrame LifeIqtisadiyyatSağlamlıqSosialTəqdimat

8 Martla bağlı unikal hədiyyə: həm qadınları təbrik edin, həm də Qarabağın bərpasına töhfə verin

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi qələbədən sonra işğaldan azad olunan doğma Qarabağımız yeni mərhələyə – bərpa, dirçəliş və inkişaf mərhələsinə qədəm qoyub.

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin təşkili, sosial-iqtisadi rifahın yaxşılaşdırılması, Qarabağın dirçəlişi bu gün bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdən biridir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu (QDF) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxs kimi Qarabağın bərpasında ictimaiyyət nümayəndələrinin yaxından iştirakının təmin edilməsi ilə bağlı da addımlar atır.

Nəzərinizə çatdıraq ki, Fond tərəfindən Qarabağın dirçəlişinə ianə cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. 

Fond daha çox insanın Qarabağın bərpası kimi mühüm bir missiya ətrafında birləşməsi, işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinə töhfə verə bilməsi məqsədilə müxtəlif əlamətdar günlər münasibətilə unikal hədiyyə “İanə Sertifikatı” hazırlayıb. Belə ki, arzu edən hər kəs öz doğmalarına, yaxınlarına mənəvi dəyəri çox yüksək olan hədiyyə “İanə Sertifikatı”nı təqdim etməklə bu mühüm missiyanın bir parçasına çevrilə bilər.

Bildiyimiz kimi, qarşıdan hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunan 8 Mart – Beynəlxalq Qadınlar Günü gəlir. Doğma Qarabağın bərpasında hər bir vətəndaşımızın iştirakını vacib hesab edən Qarabağ Dirçəliş Fondu tərəfindən bu əlamətdar günlə bağlı hazırlanan “İanə Sertifikatı”nı sizə əziz və doğma olan xanımlara hədiyyə etməklə həm onları təbrik edə, həm də Qarabağın bərpasına töhfə verə bilərsiniz.

Sertifikatı əldə etmək üçün Fondun veb-səhifəsinə (https://qdf.gov.az/iane-imkanlari/hediyye/8mart/) daxil olub təbrik etmək istədiyiniz xanımın adını qeyd edib, daha sonra ianə edəcəyiniz vəsaitin məbləğini və ya ağac sayını seçərək ianə etmək kifayətdir.

Əmin ola bilərsiniz ki, hədiyyə edəcəyiniz xüsusi “İanə Sertifikatı” hər bir qadın üçün çox böyük mənəvi dəyərə malik olacaqdır.

İanə edək, Qarabağı birlikdə daha gözəl bərpa edək!

https://www.youtube.com/watch?v=4tYqaNuCGu8&t=1s

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!